​“ABŞ-ın Çikaqo şəhərində etiraz aksiyası keçirəcəyik”

 
1-ci qrup əlil Rauf Sultanovun həbsinə etiraz olaraq ABŞ-ın Çikaqo şəhərində etiraz aksiyası keçiriləcək. Bu barədə Raufun bacısı Aynur Sultan Gülişıq məlumat yayıb.
 
“22 noyabr 2016-cı il tarixdə Ali Məhkəmənin sədri Gülzar Rzayevanın sədrliyi ilə Raufun kassasiya şikayətinə baxıldı və təmin olunmadı. Biz bir daha əmin olduq ki, saxta cinayət işi üzrə çıxarılmış saxta hökmü hakim G. Rzayeva ləğv etmək iqtidarında deyil. Hesab edirəm ki, yaxın günlərdə ABŞ-ın Çikaqo şəhərində edəcəyimiz etiraz aksiyasından sonra hər şey öz həllini tapacaqdır. Ümid edirik ki, ölkə başçısı növbəti əfv fərmanında qardaşımı da əfv edəcəkdir. Bununla baglı prezidentə ABŞ-dan məktub da göndərmişik”, – məhbusun bacısı Aynur Sultan Gülişıq bildirib.
 
 
Xatırladaq ki, R.Sultanov Bakı şəhər sakini Naidə Manafovadan 3500 manat borc pul alıb. Borc sahibi isə 15 gün sonra Nəsimi Rayon Polis İdarəsinə şikayət edib. Onun şikayəti əsasında Rauf Sultanova Cinayət Məcəlləsinin 178.2.4-cü (dələduzluq) maddəsi ilə ittiham irəli sürülüb. İstintaq dövründə Rauf Sultanov zərərçəkmiş şəxsə dəymiş ziyanı ödəyib. Anadangəlmə epilepsiya xəstəsi olan 1-ci qrup əlil Rauf Sultanov mobil telefonların alqı-satqısı ilə məşğul olduğunu, ilkin dindirmə zamanı xəstəliyi ilə əlaqədar borcunu gecikdirdiyini deyib.