"Abbasqulu bəy Şadlinskinin ölümündə “KQB”-nin əli olub"- Fərman Kərimzadənin qızı

 
 
 
Azərbaycan kino tarixində ən çox sevilən ekran əsərlərindən biri də 1971-ci ildə lentə alınan rejissor Kamil Rüstəmbəyovun “Axırıncı aşırım” filmidir. Bu gün də mavi ekranda həm bayram, həm də matəm günlərində, adi təqvim günlərində ən çox nümayiş etdirilən filmlərdən biridir.
Yazıçı Fərman Kərimzadənin “Qarlı aşırım” romanının motivləri əsasında çəkilən film artıq 50 ilə yaxındır ki, sevə-sevə izlənilir. Doğrudur, zamanın diktəsi ilə süjet xətti, məzmun tamamilə ayrı dəyərləri müdafiə edir. Amma biz onu sırf kino aspektindən dəyərləndirirək deyirik.
 
Lakin bəzi tarixçilər, ədəbiyyat adamları, ziyalılar filmdə zamanın diktəsinin çox olduğunu, bir çox obrazların yanlış olaraq təqdimini mənfi hal hesab ediblər. Qəmlo, Kərbəlayi İsmayıl, Abbasqulu bəy Şadlinski, İman, hətta kasıb kəndli Səməd də real tarixi şəxslərdilər. Lakin onların bəziləri filmə düzgün “köçürülməyib”.
 
Amma burada nə rejissorun, nə də ssenari müəllifini qınaya bilmərik. Çünki zamanın diktəsi, Mərkəz hər şeyi özü həll edirdi.
 
“Qarlı aşırım” romanının müəllifi, filmin isə ssenari müəllifi Fərman Kərimzadənin qızı Yeganə Kərimzadə Moderator.az-a açıqlamasında baş verənləri təhrif yox, zamanın diktəsi adlandırıb. O, filmlə bağlı bir çox maraqlı məqamları səsləndirib:
 
 
“Qəmlo zamanında ermənilərə qarşı döyüşmüşdü, igidliyi dillər əzbəri olub. Zaman dəyişir o sovet hökumətinə qarşı da döyüşür. Əslində qaçaqçılıq edir. Sovet quruluşu bu personajı qəbul edə bilməzdi və mənfi obraz olaraq Qəmlo, Kərbalayı İsmayıl və ətrafı təqdim edilir.
Abbasqulu bəyin ölümündə o dövr “KQB”-nin əli olur. Bunu atam filimdə işıqlandırmağa nail olmuşdu. Talıbov obrazı-Hamlet Xanızadə.
 
Abbasqulu bəy o mahal və ətrafda böyük nüfuza sahib idi. Belə birinin sağ qalması Sovet Rusiyasına sərf etmirdi. Kərbəlayı İsmayıl da həmçinin. O səbəbdən iki nifuz sahibi aradan götrülür. O oyunda əslində Qəmlo balaca fiqur olsa da tarixdə yaşamağına səbəb məhz Fərman Kərimzadə, atam oldu.
 
Film ya əsər haqqında mülahizə yürüdənlərə məsləhət görərdim ki, o filmə yenidən baxsınlar və incə məqamları detallıca dərk etsinlər. Yaxud əsəri yenidən oxusunlar.
Atam o obrazları sevə-sevə yaradıb, hər obraz əsl kişilik simvolu kimi tarixə düşüb, baxmayaraq kim "dost" kim düşməndi”.
 
Elmin Nuri

Загрузка...
Загрузка...