​Abbas Səhhətin bilinməyən romanları, Sabirin kafkavari vəsiyyəti- Gizli ədəbiyyat tarixi

Baxış sayı: 
147

 
 
 
 
Şair Abbas Səhhət 1918-ci ilin yayında Gəncədə dünyasını dəyişən zaman Məhəmməd Hadi mətbuu orqanların birində onun barəsində nekroloq məzmunlu yazı hazırlayır. Orada iki məsələni xüsusilə qabardır və onlara görə təəssüflənir: birincisi, Abbas Səhhətin ölümünün kölgədə qalması, mətbuu orqanlarda bu barədə yazıların demək olar ki, verilməməsi, ikincisi isə Abbas Səhhətin əlyazmalarının itmə təhlükəsi.
 
 
 
Moderator.az nə qədər mürəkkəb olsa da, müəllifin dil və üslubunu qoruyaraq, həmin mətni təqdim edir:
 
“Şu müdhiş, şu qorxunc, vəlvələyi hadisat içində şair, təbib Abbas Səhhət də sükunətgah əbədiyyətə çəkilib getdi. Həm maddi, həm mənəvi xadimi millət olan Səhhət qardaşımızın əful əbədisindən hənuz Qafqaz türklərinin xəbəri yoxdur. Onun vəfatı haqqında mətbuatımızda da vəfat Səhhətə dair heç bir şey yazılmadı. Onun milli xidmətlərinə dair bir sətir yazı belə görünmədi. Cühəla tərəfindən düçar təhqir və təkdir olan, fəqət əzm xruşan fikrindən geri dönməyən sevgili şairimiz Səhhət Gəncə məzarıstanında dəfn xas əbədiyyət buluyor.
 
Şirvanlı şair, Şirvan faciəsi əsnasında başqaları kimi şəhəri tərkə məcbur olmuş, yolda soyulmuş, var-yoxu əlindən alınmışdı. Bir qaç yerlərdə sərsəriyanə dolaşmış, ən sonunda Gəncəyə nəql məkan etmişdi. Orada xəstə oldu. Zalım və biaman ölümün pəncəsindən rəhayab olmayaraq tərk dəqdəqeyi həyat elədi. Səhhətin bu əfzul nabəhən-kami ədəbiyyatımız dünyasında böyük bir boşluq buraxdığından dolayı ciddi şayan təəssüfdür. Səhhət öldü. Lakin əsl düşünüləcək şurasıdır ki, şair mütəvəfatın qeyri-mətbu olan mütrükat qələmiyyəsi nasıl oldu. Yoxsa Şirvan faciəyi əziməsində yanıb yaxılan sərvətlər kimi Səhhətin də əsarin qələmiyyəsi, sərvət fikriyyəsi ehrac olub getdimi? Bencə şayan əndişə burasıdır. Dünyamız hal asayişə adət etdikdən sonra ehtimal ki, bu həqiqət anlaşıla biləcəkdir”.
 
 
 
Hadinin yazı üslubu nə qədər çətin olsa da, Osmanlı şivəsində nə qədər danışsa da, yenə də Abbas Səhhətlə bağlı bir neçə maraqlı faktı oxuya bildik. İndi keçək, Hadinin narahatlığına. Görəsən Səhhətin əsərlərinin sonrakı taleyi necə oldu? Hadi yazır ki, Abbas Səhhətin heç kəsin bilmədiyi romanları və başqa əsərləri də var. Manaf Süleymanov özünün araşdırmalarında bunlara toxunub:
 
“Hadinin təşvişi yerində imiş. Səhhətin dərc edilməmiş asari ədəbiyyasi tapılmadı. Yoxa çıxdı. İki roman yazıbmış, biri aşiqanə, digəri Volqa çayı boyu Tatarıstana və Başqırdıstana doktor İsmayıl Haqqı Veyisovla bərabər etdiyi səyahət barəsində imiş. Böyük şair Sabir ölümündən əvvəl, nəşr edilməmiş şerlərini və ədəbi mülahizələrini, bir də vəsiyyətnaməsini bir zərfə qoyub bağlamış və Səhhətə əmanət vermiş ki, yeganə etimad etdiyim şəxs sənsən, bu zərfi ölümümdən on il sonra açarsan və hamısını nəşr etdirərsən. O da yoxa çıxdı. Bunlardan böyük itki ola bilərmi?”
 
Elmin Nuri

Загрузка...
Загрузка...