"90 manat süd pulu üçün 40 manat rüşvət, bir ay süründürmə..." — Vətəndaş şikayəti

Dövlət Sosial Müdafiə Mərkəzləri vətəndaşları süründürür.
Yeni doğulan körpələr üçün ayrılan 90 manatlıq süd pulunu Dövlət Sosial Müdafiə Mərkəzləri vətəndaşlara vermir. Tələb edilən sənədləri toplayıb gətirən vətəndaşlardan Nazirliyin rəsmi saytında olmayan sənədləri tələb edirlər. Vətəndaşlar Dövlət Sosial Müdafiə Mərkəzlərinin tələb etdiyi sənədləri gətirsələr də 90 manatlıq süd pulunu ala bilmirlər. Dövlət Sosial Müdafiə Mərkəzləri 90 manatlıq süd pulunun 40 manatını rüşvət kimi vətəndaşdan geri tələb edirlər.
Ümumiyyətlə 90 manatlıq süd pulunu almaq üçün 40 manat pul lazım olur. Buna görə də, vətəndaşlar dövlətin ayırdığı 90 manat süd pulunu çox zaman almaqdan imtina edirlər. Sənəd yığmaq prosesindəki süründürməçilik insanları bezdirir və onlar sadəcə olaraq bu pulun dalınca getmirlər. Valideynlər üçün bu pul süründürməçiliyə və bu zaman itirilən əsəbə dəymir.
Dövlətin ayırdığı süd pulunu Dövlət Sosial Müdafiə Fondundan almaq istəyən, ancaq süründürməçilikdən bezən vətəndaş Günel Qarayeva başına gələnləri Ölkə.Az-a danışıb:
"Dövlətin yeni doğulmuş körpələr üçün ayırdığı 90 manat süd pulunu almaq üçün lazım olan sənədləri Xətai rayonu Vunq-Tau küçəsi 6b -də yerləşən Dövlət Sosial Müdafiə Mərkəzinə təqdim etsəm də bu pulu ala bilmədim. Sözün əsl mənasında burada süründürməçilikdir və rüşvətxorluq baş alıb gedir.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin rəsmi saytında lazım olan sənədlər kimi bunlar göstərilib: valideynlərin şəxsiyyət vəsiqələrinin surəti, nigah haqqında şəhadətnamənin surəti, doğum haqqında şəhadətnamənin surəti və yaşayış yerindən arayış. Bu sənədləri toplayıb mərkəzə təqdim etdim. Məndən Sosial Müdafiə Fondunun Xətai və Yasamal rayon şöbələrindən arayış tələb etdilər. Onları da alıb gətirdim, lakin mənə zəng edib qaçqınlıq haqqında vəsiqəm olmadığı üçün pulu verməyəcəklərini bildirdilər. İstəyirəm aidiyyatı orqanlar məsələyə aydınlıq gətirsin. Nəyə görə mən dövlətin ayırdığı süd pulunu almaq üçün bu qədər süründürülməliyəm. Nəyə görə nazirliyin rəsmi saytında tələb olunan sənədlərlə rayon şöbələrindəki sənəd tələbləri arasında bu boyda fərq var? Bu problemi kim həll edir və biz hara müraciət edək. Mənim kimi o 90 manatı almaq üçün bir ay süründürülən onlarla valideyn, ana var. Dərdimizi kimə deyək?
Nazirliyin rəsmi saytında süd pulunun ən uzaq beş iş günü içərisində alına bilinəcəyi yazılsa da şöbədə mənə 20-30 günə cavab veriləcəyi bildirildi. Aidiyyatı qurumlardan çox xahiş edirəm ki, Xətai rayonunda yerləşən Dövlət Sosial Müdafiə Mərkəzinə yoxlama göndərilsin və onların orada nə işlə məşğul olduqları araşdırılsın. Birmənalı olaraq Xətai rayonunda yerləşən Sosial Müdafiə Mərkəzi demək olar ki, işləmir və burada özbaşınalıq baş alıb gedir".
Qeyd edək ki, Dövlət Sosial Müdafiə Mərkəzlərində rüşvəxorluğun tüğyan etdiyi barədə bu birinci fakt deyil.