9 yaşında Quran hafizi, ilahiyyat professoru

Türkiyəli məşhur ilahiyyatçı Yaşar Nuri Öztürkün ömür yolu
 
Türkiyə mediasında qeyri-standart, fərqli dini şərhləri ilə tanınan ilahiyyatçı Yaşar Nuri Öztürk iyunun 22-də vəfat edib. Türkiyə mediası ilahiyyat aliminin müalicə aldığı Yeditepe Universiteti xəstəxanasında dünyasını dəyişdiyini yazır.
 
Y.N.Öztürk 2011-ci ildə mədə xərçəngi xəstəliyinə tutulub və o zamandan bu yana müalicə alıb. Dəfn mərasimi iyunun 24-də Üsküdar rayonundakı Şakirin məscidində keçiriləcək və mərhum Kanlıca qəbiristanlığında dəfn olunacaq.
 
Qeyd edək ki, Yaşar Nuri Öztürk Azərbaycan tamaşaçılarına da yaxşı tanış idi. Bir çox telekanallarda dini proqramlara qonaq olan ilahiyyatçı bəzən cəmiyyətdə qəbul olunmuş, oturuşmuş fikirlərə zidd olan çıxışlar edir, geniş kütlə arasında yayılmış dini görüşləri baltalayırdı. Bu səbəbdən də ona qarşı münasibət birmənalı olmayıb, onun çoxsaylı tənqidçiləri vardı. Lakin eyni zamanda bir ilahiyyatçı olması ilə bərabər şəriət tərəfdarı deyildi, Atatürk ideyalarının sadiq müdafiəçisi idi.
 
Qeyri-standart, hətta sərt etirazla qarşılanan dini şərhləri ilə tanınan Yaşar Nuri Öztürkün zəngin akademik karyerası olub, uşaq yaşlarından dini elmləri öyrənib. 1951-ci il fevralın 5-də Trabzon vilayətinin Küçükdərə kəndində dünyaya gələn Yaşar Nuri Quranı atasından öyrənib. 9 yaşında isə hafiz olub, yəni Quranı əzbər bilib. Eyni zamanda 10 il mədrəsə təhsili ilə yanaşı hüquq və ilahiyyat üzrə ali təhsil alıb. Təhsili bitirdikdən sonra 12 il məsciddə imam kimi fəaliyyət göstərən Yaşar Nuri Öztürk 1980-ci ildə akademik fəaliyyətə başlayıb.
 
İlahiyyat üzrə professor dərəcəsinə yüksələn Yaşar Nuri Öztürk Türkiyə ilə yanaşı Yaxın Şərq, Balkan ölkələri, Avropa, Afrika, ABŞ, Cənubi Koreya və Yaponiyada elmi araşdırma və tədris fəaliyyəti ilə məşğul olub. Bir müddət isə Fransada Gɾenoble Universitetində çalışıb. Bir il ABŞ-da “İslam düşüncəsi” dərsləri verib. Türkiyə universitetlərində müəllim və 1993-cü ildən İstanbul Universiteti İlahiyyat fakültəsində qurucu dekan olaraq çalışıb. Türk, ərəb, fars, ingilis, fransız dillərində çoxlu sayda məqalə və araşdırmaları dərc olunub.
 
Bundan başqa bir neçə telekanalda dini verilişlərdə çıxışlar edib. “Son Havadis”, “Tərcüman”, “Hürriyyət”, “Star”, “Yurd” kimi qəzetlərdə yazılar yazıb.
 
Yaşar Nuri Öztürk iki dəfə - 1978 və 1982-ci illərdə “Türkiyə Milli Kültür Vakfı” mükafatı qazanıb, eyni zamanda bir sıra mükafatlara layiq görülüb. “Time” jurnalının hazırladığı “20-ci əsrin ən önəmli şəxsiyyətləri” siyahısında 100 nəfər arasında ilk 10-luğa düşüb.
 
Yaşar Nuri Öztürk Türkiyədə “Qurani-Kərimin əslinə dönüş” fikir hərəkatının təşəbbüskarı və lideri idi. Dini hökmlərin və əmrlərin hədis üzərindən deyil, Quran əsasında şərh olunmasını müdafiə edib. Bu yöndə bir sıra səs-küylü fikirləri olub, bəzi qəbul olunmuş dini fikirləri rədd edib, 50-yə yaxın kitabın müəllifidir. Eyni zamanda bir müddət CHP-nin üzvü olan Öztürk 2002-ci il seçkilərində CHP-nin İstanbuldan millət vəkili seçilib. Ancaq sonradan partiyanı tərk edib.
Musavat.com