80 mini oğurlanan qadın rektorun xanımı imiş

Mayın 27-də Bakının Xətai rayonu ərazisində baş verən oğurluq hadisəsinin hədəfi 64 yaşlı Zəridə Yunusova rektorun xanımı imiş.
 Axar.az xəbər verir ki, rəsmi məlumatda 2 maskalı şəxs Z.Yunusovanın evinə soxularaq, onun əl və ayaqlarını iplə bağladığı və evdən 65 min manat pul, 15 min manat dəyərində qızıl əşyalar apardığı bildirilirdi.
Bakı Cinayət Axtarışı Baş İdarəsi, Bakı Şəhər Baş Polis İdarəsi, Xətai və Yasamal RPİ əməkdaşlarının "isti izlər"lə həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri ilə hadisəni törətmiş Bakı şəhər sakini Süleyman Hüseynov, Babək rayon sakinləri Yaqubar Qasımov, Amil Şirinov və Ağdam rayon sakini Zemfira Bağırzadə tutulmuşdular.
 Azərbaycan Dillər Universitetinin rektoru Dünyamin Yunusovun oğlu Aqşin Yunusov ANS-ə bildirib ki, oğurluq onların Xətai rayonu Məhəmməd Hadi küçəsi, ev 65, mənzil 155 ünvanında baş verib:
 “Anam Zəridə Yunusova ingilis dili müəlliməsidir. Məktəbdən evə qayıdanda üzərində qızıl görüblər deyə, onu izləyiblər. Anam binanın girişindən daxil olanda 4 oğrudan ikisi onun ardınca binaya daxil olub. Zəridə müəllimə qapını açanda isə iki maskalı şəxs ona hücum edib, itələyib mənzilə soxulublar. Pul tələb ediblər, lakin anamın "pulumuz yoxdur, biz müəllim ailəsiyik" deməsindən sonra evdə olan qızıl əşyalarını götürərək qaçıblar".
 Aqşin Yunusov deyir ki, oğrular qaçandan sonra anası Zəridə Yunusova ilk olaraq ona zəng vurub. Evə gələn Aqşin dərhal Xətai Rayon Polis Şöbəsinə xəbər verib. "Xoşbəxtlikdən binanın yanında olan internet klubda kamera olduğu üçün oğruların qaçdığı maşın qeydə alınıb. Həmin maşının izi ilə polislər iki oğrunu saxlamışdılar. Saxlanılan iki nəfər isə digər iki nəfərin yerini bildirib. Beləliklə, 4 oğrunun hər biri polis şöbəsində saxlanılır".
 Hadisə hazırda Azərbaycan Dillər Universitetində müvəqqəti rektor vəzifəsini icra edən Dünyamin Yunusovun evində baş verib. O, bu vəzifəni 2015-ci ilin noyabr ayının 25-dən icra edir.