76 həkim sertifikasiya imtahanından keçmədi

 
 
Səhiyyə Nazirliyinin sentyabrın 6-da, 7-də və 8-də keçirilmiş sertifikasiya imtahanlarının nəticələri açıqlanıb.
 
Nazirliyin Sertifikasiya Komissiyasından verilən məlumata görə, ümumilikdə imtahanlarda 465 həkim iştirak edib. Onlardan 76-sı imtahandan keçə bilməyib.
 
Qeyd edək ki, 2016-cı ilin yanvar ayından etibarən sertifikasiya imtahanı bir mərhələdə keçirilir. İmtahanda müsahibə mərhələsi aparılmır. Sertifikasiya imtahanının sualları 2 müxtəlif variantda 60 test və 5 klinik tapşırıq olmaqla iki hissəyə (test və klinik tapşırıq) bölünür. İmtahan suallarının test hissəsi üzrə 40 bal, klinik tapşırıq hissəsi üzrə isə 16 bal toplamış şəxslər sertifikasiyadan keçmiş hesab olunur.