“70 yaşlı şair tüfəng götürüb səngərə gedə bilməz...” - Vətənpərvərlik mahnıları bizə nə verir?

Aprelin 2-dən etibarən cəbhədə başlayan gərginlik davam edir. Bu ərəfədə hər kəs vətənə sevgisini bir cür göstərdi.  Müğənnilər də vətənpərvərlik mövzusunda mahnılar yazdırıb, kliplər çəkdirdi. Vətənpərvərlik mövzusunda yazılan mahnıların ön plana  çıxması yeni müzakirələrə də səbəb oldu. Bəzi insanlar adı çəkilən bəstələrin  lazımi səviyyədə olmadığı, insanlara ruh yüksəkliyi yaşatmadığı barədə iddialar səsləndirdi.
Musavat.com vətənpərvərlikdən bəhs edən mahnılarımız barədə sənət adamlarının fikrini öyrənmək üçün sorğu keçirib. Şair Baba Vəziroğlu bildirib ki, vətənpərvərlikdən yazmaq sənət adamlarının vətəndaşlıq  borcudur: “Sözügedən mahnıları yazaraq sənətçi vətənə olan borcunu yerinə yetirir. Allah hər kəsə bir cür istedad verib. Heç kimi Dostoyevski, Səməd Vurğun olmamaqda ittiham etmək olmaz. Bütün əsərlər şedevr ola bilməz. Zaman yaxşı mahnıları özü göstərəcək. Yeni mahnıları tənqid edənləri başa düşmürəm. Özləri əlini ağdan-qaraya vurmur, kimisə tənqid edirlər. Sənət adamı da bacardığını edir. 70 yaşlı şair tüfəng götürüb səngərə gedə bilməz, ona görə də vətənə aid şeir yazır.  Hər kəs öz işi ilə məşğul olanda dünya gözəl olur. Sosial şəbəkənin rişxəndçilərini anlamıram, işləri ona-buna söz atmaqdır. Sanki, Allah onlara qarğış edib. Allahdan o insanlara şəfa diləyirəm. Yeni əsərlər köhnələrin balasıdır.  Bu gün yazılan əsərlər hər şeyə sadəlövh baxdığımız,  kommunizm kitablarına inandığımız, vicdan anlayışının vacib olduğu dövrdə yazılanlara bənzəyə bilməz”.
Bəstəkar Sevinc Tofiqqızı deyib ki, vətənə həsr olunan mahnıların hamısı gözəldir:  “Mahnıları heç zaman pisləyə bilmərəm. Hər bəstəkarın, şairin öz iç dünyası, dəst-xətti  var. Vətən adı gələndə artıq danışmaq lazım deyil. Son zamanlar yazılan bir neçə vətənpərvərlik mahnısı eşitdim, çox bəyəndim. Çingiz Mustafayevin “Mən şəhid oldum” klipini izlədim, içim titrədi. Mahnılarımızı tənqid etmək haqsızlıqdır. Bəstəkar olaraq bütün sənət adamlarına uğurlar arzulayıram”.
Psixoloq Dəyanət Rzayev vətənpərvərlik mahnılarının insanların psixologiyasına təsirindən danışıb. O, musavat.com saytına açıqlamasında qeyd edib ki, dinlədiyi mahnı insana ciddi təsir edir:
“Hər ölkənin himni var, himn də vətənpərvərlik mahnısı sayılır.  Vətəndən bəhs edən mahnılar dünyanın hər yerində yazılır, oxunur. 1990-cı illərdə “Marş, irəli” mahnısı işıq üzü gördü, adı çəkilən bəstə insanlarda ruh yüksəkliyi yaradırdı. Evində oturan adam mahnıdan təsirlənib qəfildən müharibəyə gedirdi. Mahnıların insan psixologiyasına ciddi təsir göstərir. Ona görə də musiqisi və sözləri gözəl olmalıdır.  Sonuncu işıq üzü görən vətənpərvərlik mahnılarını dinləməmişəm.  Mənə elə gəlir ki,  köhnə vətənpərvərlik mahnılarını yaşatmalıyıq. Mahnılar gərək major olsun, insanın qəlbini titrətsin”.