7 il əvvəl azadlığa çıxan mütəşəkkil dəstə üzvünə qarşı eyni ittiham…

Ali məktəbə tələbə qəbul etdirmək adı ilə vətəndaşdan 25 mina manat alan şəxs həbs edilib.
Musavat.com-un əldə etdiyi məlumata görə, Bakı şəhər sakini, 1971-ci il təvəllüdlü Elnur Şahbazov 2011-ci ildə 1953-cü il təvəllüdlü İsaməddin Daşdəmirova 25 min manat verib.
Bunun qarşılığında İ.Daşdəmirov E.Şahbazovun oğlunu testdənkənar yolla universitetə qəbul etdirəcəkmiş. Lakin 5 ildən çox vaxt keçməsinə baxmayaraq, İ.Daşdəmirov vədinə əməl etməyib.
Məsələ ilə bağlı Elnur Şahbazov Yasamal rayon Polis İdarəsinə müraicət edərək, İ.Daşdəmirovdan şikayətçi olub.
Xatrıladaq ki, İ.Daşdəmirov daha əvvəl də bu əməlinə görə həbs edilmişdi.
Mütəşəkkil dəstə şəklində həbs edilən İ.Daşdəmirov və digərləri sonradan şərti cəza ilə azadlığa
buraxılmışdılar.
2009-cu ildə təqsirləndirilən Emil İsgəndərov, Vilayət Əliyev və Azər Məmmədova hökm oxunaraq, hər biri 4 il sınaq müddəti olmaqla həbs cəza almışdılar. İsaməddin Daşdəmirov, Gülçöhrə Məmmədova və Səbinə Təhməzovaya 2 ili sınaq müddəti olmaqla, 7 il şərti cəza verilib. Adı çəkilənlərlə birlikdə həbs edilən Ədalət Abbasov isə 5 ili sınaq müddəti olmaqla, 7 il 6 ay müddətinə şərti cəza almışdılar.
Adı çəkilənlər Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda ziyan vurmaqla dələduzluq etmə) maddəsi ilə ittiham olunurdular. Onlar 2004-2007-ci illər ərzində Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının təşkil etdiyi test imtahanlarından kənar ali məktəblərə tələbə qəbulu etdirməyi öhdələrinə götürərək, müxtəlif şəxslərdən pul almışdılar. Onlar Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlığa qarşı Mübarizə İdarəsinin əməkdaşları tərəfindən tutulmuşdular.
Şərti cəza ilə azadlığa buraxılan İ.Daşdəmirov yenidən eyni əməli törətməkdə ittiham olunur.