''6 milyona obyekt aldım ki, uşaqlarım dolansın'' - Bayraq meydanının həbsdə olan rəisi

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Dövlət Bayrağı Meydanı Kompleksinin sabiq rəisi Rəşad Məmmədov, onunla birlikdə tutulan İsfəndiyar İsfəndiyarov və Arzu Məmmədovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
Musavat.com-un məhkəmə prosesində iştirak edən əməkdaşı xəbər verir ki, hakim Əlövsət Abbasovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxs, hazırda ev dustaqlığında olan Arzu Məmmədovun ibtidai istintaqa və məhkəməyə verdiyi ifadələrdə ziddiyətlər olduğundan o, dövlət ittihamçısının suallarını cavablandırıb.
İlk ifadəsində tapşırıqları Rəşad Məmmədov və İsfəndiyar İsfəndiyarovdan aldığını qeyd edən A.Məmmədov məhkəməyə ifadəsində Rəşad Məmmədovu bir dəfə gördüyünü və ondan şəxsən tapşırıq almadığını deyib.
A.Məmmədov ibtidai istintaqa ifadəsində zərəçəkmiş kimi tanınan Zabil Salmanovla görüşdə onu aldatmaqla əmlakını ələ keçirmək fikirlərinin olduğunu qeyd edib. Lakin məhkəməyə ifadəsində o, həmin vaxt əsəbi və gərgin olduğundan yanlış ifadə verdiyini bildirib: "Mən İsfəndiyarın tapşırığı ilə Zabillə görüşdüm. Obyektini almaq fikrimizin olduğunu dedim. Sadəcə, razılıq məqsədi ilə görüş olub. Biz onu aldatmaq fikrində olmamışıq. Mən görüşdə heç vaxt Zabili hədələməmişəm".
İbtidai istintaqa ifadəsində Zabil Salmanova obyetkin satılması ilə bağlı göstərişin yuxarıdan gəlməsi və satılmayacağı təqdirdə əlindən alınacağını qeyd edən A.Məmmədov bu ifadəsini çaşqın vəziyyətdə verdiyini və zərəçəkmişlə heç vaxt kobud rəftarının olmadığını bildirdi: “Mən kiməm ki, Zabili hədələyəm? Danışıqları İsfəndiyar bilirdi. Mən sadəcə Zabildə razı olub-olmadığını soruşmuşam”.
Z.Salmanovdan Nizami 44 ünvanında yerləşən obyetki 6 milyon dollara Rəşad Məmmədova satması ilə bağlı razılıq əldə edilib.
A.Məmədov prokurorun sualını cavablandırarkən bildirib ki, o sadəcə olaraq dayısı oğlu İsfəndiyar İsfəndiyarovun tapşırığına əsasən pulu aparıb bankda Zabil Salmanova verib: “6 milyonun 4.7 milyonunu mənə çantada verdilər. Mən də aparıb bankda təhvil verdim. Danışıq belə idi ki, 1.3 milyonun qarşılığında isə Hüseyn Cavid bağı ətrafında olan 90 kvadratmetrlik bir obyekt də Zabilə veriləcəkdi. Bundan başqa, mənim heç bir prosesdən xəbərim olmayıb. Danışıqları İsfəndiyar və Rəşad Məmmədov bilirdi”.
6 milyona alınan obyektlər Arzu Məmmədovun adına keçirilib.
Prokuror bildirib ki, A.Məmmədov ibtidai istintaqa ifadəsində bütün alqı-satqı işlərindən onun və İsfəndiyar İsfəndiyarovun qazancının 2 faiz olacağını deyib. Lakin A.Məmmədov məhkəmədə bu fikirlərini təsdiqləmədi.
Təqsirləndirilən İsfəndiyar İsfəndiyarov da 2 faiz qazanacaqları haqda deyilənlərə cavab olaraq bildirdi ki, istintaq zamanı onlardan ifadələr təzyiq edilərək alınıb. İ.İsfəndiyarov təzyiqə məruz qalması ilə bağlı Bşa Porkurorluğa müraciət etdiyini bildirib.
Hakim Arzu Məmmədovdan özünü təqsirli bilib-bilməməsini soruşub.
A.Məmmədov özünü yalnız dayısı oğlu İsfəndiyar İsfəndiyarova inanmaqda və şəxsiyyət vəsiqəsini verməkdə günahkar bildiyini dedi: “Mən inanıb həmin obyektlərin adıma keçirilməsinə razılaşdım. 4-5 obyekti mənim adıma keçirdilər. Bu təklifi İsfəndiyar mənə etdi. Obyektlər Rəşad Məmmədova məxsus idi”.
Prokuror Rəşad Məmmədovun adına alınan obyektlərin daha sonra onun xanımının, ardınca isə qayınanasının adına keçirilməsində məqsədin nə olması barədə A.Məmmədova sual ünvanlayıb.
A.Məmmədov cavabında yalnız ona verilən tapşırığı yerinə yetirdiyini söylədi: “Obyektləri daha sonra Rəşad Məmmədovun həyat yoldaşı Səbinə xanımın adına keçirməyimizi istədilər. Mən hüquqşünas Ceyhun Cəfərova etibarnamə verdim. Sadəcə, sənədlərə qol çəkirdim. Nəğd olaraq da 600 min dollar Səbinə xanımın adına köçürüldü. Daha sonra həmin obyekti Rəşad Məmmədov qayınanasının adına keçirmək istədi. Səbəbi barədə məlumatım yox idi. Amma İsfəndiyar dedi ki, aralarında problem olub və qayınanasının adına keçirilməlidir. Bu haqda başqa nəsə bilmirəm”.
Hakim obyetkin nə məqsədlə xanımın adından çıxarıb qayınanasının adına keçirməsini Rəşad Məmmədovdan soruşdu. Rəşad Məmmədov bu suala cavab vermək istəmədiyini və bunun ailə daxili məsələ olduğunu bildirdi: “Bu bizim öz işimizdir. Belə etmək istədik, etdik. Bu haqda danışmaq istəmirəm”.
Hakim Rəşad Məmmədovdan bu qədər obyekti nə  məqsədli almasını da soruşub. R.Məmmədov bunu uşaqlarına gələcək qurmaq məqsədi ilə etdiyini söyləyib: “Pulum var idi və istədim ki, obyekt alım. Başqa yerdən qazancım yox idi. Gələcəkdə uşaqlarım dolansın deyə alırdım. Həm də əlimdə pulum var di. Qaldıqca “ölürdü”. Buna görə də obyekt aldım”.
Məhkəmə prosesində Dənizkənarı Bulvar İdarəsinin nümayəndəsi Hüseyn Əzimov da çıxış edbi. H.Əzimov ləğv edilən Dövlət Bayrağı Meydanı Kompleksi İdarəsinin prezidentin sərəncamı ilə ləğv edildiyini və Dənizkənarı Bulvar İdarəsinə birləşdirildiyini qeyd edərək R.Məmmədovun rəhbərliyi zamanında onlara 254 min 600 manat dəyərində maddi ziyan dəydiyini söylədi.
Dəymiş maddi ziyanın təqsirləndirilən Rəşad Məmmədovun yaxınları tərəfindən bu ilin may ayının 19-da ödənildiyini deyən H.Əzimov başqa bir təlblərinin və şikayətlərinin olmadığını deyib.
Məhkəmə prosesi iyunun 14-də davam etdiriləcək.
Xatırladaq ki, Dövlət Bayrağı Meydanı Kompleksi İdarəsinin sabiq rəisi R.Məmmədov, İ.İsfəndiyarov və A.Məmmədov ötən ilin may ayında həbs ediliblər.
Onlar dələduzluqda təqsurləndirilərək barələrində Səbail Rayon Məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Həbs edilənlərdən A.Məmmədov bu il mart ayının 4-də Səbail Rayon Məhkəməsinin qərarı ilə ev dustaqlığına buraxılıb.
Qeyd edək ki, həmin şəxslər Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi il ittiham olunurlar.