​“5500 nəfərə yaxın əlil və şəhid ailəsinə ev verilib” - NAZİRLİK

 
Keçən il və cari ilin ötən dövründə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən 539 nəfər, o cümlədən 283 nəfər Qarabağ müharibəsi əlili, 256 şəhid ailəsi mənzillə təmin olunub.
 
Bu barədə Teleqraf.com-a nazirlikdən məlumat verilib. Məlumatda bildirilib ki, 2015-ci ilin dekabr ayında Azərbaycan Prezidenti İlham Əliyevin iştirakı ilə 132 mənzilli yaşayış binası gözdən əlillərə təqdim edilib. Ötən dövrdə nazirlik tərəfindən 5500 nəfərə yaxın əlilliyi olan şəxs və şəhid ailəsi mənzillə təmin olunub ki, onlardan 75 faizini əlilliyi olan şəxslər, o cümlədən müharibə əlilləri və onlara bərabər tutulanlar, gözdən əlillər təşkil edib. Hazırda nazirlik tərəfindən aylıq sosial müavinət və əmək pensiyası ödənilənlərin 36 faizə qədərini, Azərbaycan Prezidentinin aylıq təqaüdü ilə təmin edilənlərin 71 faizini əlilliyi olan şəxslər təşkil edir.
 
Ümumilikdə ölkəmizdə pensiyaların orta aylıq məbləği 2003-2015-ci illərdə 10,3 dəfədən çox, cari ilin 9 ayında isə ötən ilin müvafiq dövrü ilə müqayisədə 7 faiz artırılıb. Eləcə də son on ildə sosial müavinətlərin orta aylıq məbləği 3 dəfəyə yaxın artıb. Əlilliyi olan insanların bir hissəsi də müharibə əlilləri və onlara bərabər tutulan şəxslərdir. Həmin şəxslərə 2008-ci ildən ödənilən Prezident təqaüdlərinin məbləği ötən dövrdə I qrup əlillər üçün 83,3 faiz, II qrup əlillər üçün 104,3 faiz, III qrup əlillər üçün isə 120 faiz artırılıb. Bununla yanaşı, müharibə əlilləri və onlara bərabər tutulan şəxslərin ümumilikdə 16,4 min nəfərdən çox uşağı aylıq sosial müavinətlə, radiasiya qəzası nəticəsində zərər çəkərək əlil olmuş şəxslər hər il müalicə üçün birdəfəlik müavinətlə təmin edilirlər.
 
Hazırda Protez-Ortopedik Bərpa Mərkəzi və Heydər Əliyev Fondu tərəfindən yaradılmış Xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün reabilitasiya mərkəzi fəaliyyət göstərir. Cari ilin yanvar-oktyabr aylarında həmin müəssisələrdə 19 400 nəfərdən çox əlilliyi olan şəxsə müvafiq xidmətlər, o cümlədən 6 900 nəfər əlil şəxsə bərpa-müalicə xidmətləri, 12 511 nəfər əlilliyi olan şəxsə isə protez-ortopedik xidmətlər göstərilib. Bu dövrdə əlilliyi olan şəxslərə ümumilikdə 28 687 protez-ortopedik məmulat və reabilitasiya vasitəsi (o cümlədən 1 108 ədəd əlil arabası, 597 ədəd eşitmə aparatı, 1 145 ədəd aşağı və yuxarı ətraf ortezi, 946 ədəd aşağı və yuxarı ətraf protezi və s.) verilib. Ölkəmizin bölgələrində yaşayan əlilliyi olan şəxslərə səyyar formada da protez-ortopedik xidmətləri göstərilir.
 
Əlilliyi olan şəxslərin xarici ölkələrdə ixtisaslaşmış bərpa müalicəsinin təşkili sahəsində məqsədyönlü işlərin davamı olaraq, keçən il və cari ilin ötən dövründə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən 400 nəfərə yaxın əlilliyi olan şəxsin və sağlamlıq imkanları məhdud uşağın xaricdə ixtisaslaşmış bərpa-müalicəsi təşkil olunub. Cari ilin yanvar-oktyabr aylarında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən əlavə olaraq 502 nəfər əlilliyi olan şəxs münasib işlərlə təmin olunub. Bu ilin yanvar-oktyabr aylarında nazirliyin xətti ilə 3 242 nəfər vətəndaş peşə hazırlığı və əlavə təhsil kurslarına cəlb edilib ki, onlardan 410 nəfəri əlilliyi olan şəxslər olub.
 
Qeyd edək ki, 1 saylı Sağlamlıq İmkanları Məhdud Gənclərin Peşə Reabilitasiya Mərkəzi 1000 nəfərə qədər sağlamlıq imkanları məhdud gənc peşə hazırlığı kurslarına qəbul edilib. Qeyd edək ki, BMT-nin «Əlilliyi olan şəxslərin hüquqları haqqında» Konvensiyasına qoşulan ölkəmizdə əlillərlə bağlı qanunvericilik bazası bu Konvensiyanın prinsipləri əsasında daim təkmilləşdirir. Bununla əlaqədar Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən «Əlilliyi olan şəxslərin hüquqları haqqında» yeni Qanun layihəsi, həmçinin «Əlilliyi olan şəxslərin hüquqlarının müdafiəsinə dair Milli Fəaliyyət Proqramı»nın layihəsi hazırlanıb, geniş ictimai müzakirələrlə təkmilləşdirilib.

Загрузка...
Загрузка...