“5 rayonu qaytarmaq” nağılı və Naxçıvan, Gəncə, Tərtər, Bərdə iddiası...

Ermənilər, sözün el dilində açığını desək, Azərbaycanla məzələnirlər...
 
“Tezliklə torpaqlarımız azad ediləcək”, “Rusiya 5 rayonu qaytarır”, “Əvvəlcə 5 rayon boşaldılacaq, sonra digər torpaqların məsələsi müzakirə ediləcək...” və s. kimi politoloq çıxışlarını, söz-söhbətləri eşidəndə yadıma rəhmətlik Nüsrət Kəsəmənlinin “ Daha nağıllara inanmıram mən” şeiri düşür... İnsana nə qədər ümid yedirərlər, nə qədər vədlər verərlər?..
İndi də daha bir super nağıl meydana çıxdı. Bu dəfə ermənilər  guya özləri xarici işlər naziri Edvard Nalbandyanın dili ilə dedilər ki, 5 rayonu qaytarırlar, nə bilim, Dağlıq Qarabağa təhlükə törətməyən əraziləri boşaltmağa hazırdırlar və s. Bunun ardınca isə Ermənistan Müdafiə Nazirliyi də, Dağlıq Qarabağdakı qondarma rejim rəhbərləri də E.Nalbandyanın  çıxışına etiraz etdilər. Üstəlik, qatı neofaşist və daşnaklar tərəfindən nəinki hansısa rayonları qaytarmaq, əksinə, işğal altındakı Azərbaycan torpaqlarına Türkiyədə, Orta Asiyada, Gürcüstanda, Krasnodarda və s. yaşayan  müsəlman hemşin erməniləri köçürmək kimi təşəbbüslər səsləndi. Bu fonda prezident İlham Əliyev BMT Baş Assambleyasında Ermənistanı, beynəlxalq təşkilatların çoxüzlü siyasətini ifşa edən kəskin çıxış etdi. Amma bu yandan da elə həmin vaxt həyasızcasına Bakıya rəsmi səfərə gələn və “bizim başımızdan bir tük də əskik ola bilməz” bəyanatı verən erməni deputatlar Azərbaycanın paytaxtının  orta göbəyində badə-badəyə vurararaq fotolar çəkdirib paylaşdılar. Yəni xalqa, xüsusən yurd-yuvasını, əzizlərini itirmiş qaçqınlara açıq-açığına acıq verdilər. Bütün bunlar, sözün açığını loru dildə desək, Azərbaycanla məzələnməkdən savayı bir şey deyil...
Onu dəqiq bilmək lazımdır ki,  müsəlman, türk dünyasına düşmən olan super güclərin dəstəyi ilə Ermənistanın və işğal altndakı torpaqlarımızın idarəçiliyini əllərinə almış erməni daşnak və neofaşistləri “Böyük Ermənistan” planlarından bir addım da geri çəkilməyiblər. Bizə boş-boş danışıqlar nağıllarını dinlədə-dinlədə dığalar Ağdərədən, Kəlbəcərdən Ermənistana yeni yolu çəkib tamamlayır, Laçında təzə qəsəbə salır, Şuşada memarlıq, Tuğda şərab festivalı keçirir, Talışda bərpa işləri aparır, Madagizdə istirahət zonası düzəldir, filan yerdə nar bağı salır, Şahbulaqda qızıl  əntiq əşyalar tapır, Kəlbəcərdə, Zəngilanda qızıl, Ağdərədə mis, molibden və s. yataqlarının istismarını davam etdirirlər. Onlar nəinki  5 rayonu qaytarmaq barədə düşünür, əksinə, danışıqlarda daha böyük ərazilərin ermənilərə verilməsini ortalığa qoymaq məsələsini irəli sürürlər.
Bu günlərdə  Rusiyada nəşr olunan erməni saytında Vrej Karuntsi adlı qatı daşnak əqidəli  birisi  bu yaxınlarda istefaya getmiş ABŞ-ın ATƏT-in Minsk Qrupundakı nümayəndəsi Riçard Hoqlandın təqdim etdiyi Qarabağ münaqişəsinin tənzimlənməsi planına toxunaraq yazır ki, nəinki Dağlıq Qarabağ ətrafındakı rayonların boşaldılmasından danışmaq, hətta Naxçıvan, “Utik-Qardmank”, Düzən Qarabağ və s. kimi “qədim erməni torpaqlarına”  iddiaları rəsmi danışıqlarda irəli sürmək lazımdır.  O, “Utik-Qardmank” ifadəsi ilə Gəncə və Gəncəbasar ərazisi, Göygöl, Goranboy, Tərtər, Bərdə rayonunun əksər hissəsini  və s. əhatə edən bir ərazidə  guya mövcud olmuş “qədim erməni əyaləti”ndən bəhs edir. Qardmank, Azərbaycanın qədim Girdıman dövlətinin adının deformasiya olunmuş formasıdır.
Erməni mətbuatında bu səpkidə, Azərbaycana, Türkiyəyə qarşı bundan da qatı düşmən mövqeyində kifayət qədər material tapmaq mümkündür. Bir sözlə,erməni ictimaiyyətində işğal eidlmiş ərazilərin boşaldılmasına razı olan qüvvələr, ayrı-ayrı fərdlər varsa da, onların ictimai fikrə təsir imkanları çox azdır və ya ümumiyyətlə, yoxdur. Buna planetdə münaqişələri yaradan və həll edilməsini istəməyən güclər dolayısıyla imkan vermir. Onlar hər iki tərəfdən kəskin çıxış və ittihamların alovlanmasını daha da körükləyirlər ki, ədalətli həlledilmənin bütün yolları qapadılsın...
Bir daha o fikrin üzərində dayanıram ki, Qarabağ probleminin açarı, nə Rusiyada, nə ABŞ-da, nə də digərindədir. Münaqişə oyununu super güclər həll edir. Və yalnız Azərbaycanın bütün mənalarda potensialını toplayaraq dünyaya gücümüzü nümayiş etdirməklə həll açarını öz əlimizə keçirə bilərik...
Balaca kirpi var gücü ilə yumaq kimi toparlanıb iynələrini qabardanda ona ölçücə dəfələrlə böyük ayı, hətta fil belə qalib gələ bilmir...
Sultan Laçın - yazarın arxivi

Загрузка...
Загрузка...