​5 gün sonra 60 minlik “Maşın” uğrunda MÜBARİZƏ BAŞLAYIR - FOTOLAR

Baxış sayı: 
248
0  
0  

Bu gün “M Group Production”ın rəhbəri Murad Dadaşov mətbuat nümayəndələri ilə görüş keçirib.
Publika.az xəbər verir ki, “Maşın” şounun 15-ci mövsümünə həsr olunan konfransda Əməkdar artist bunları deyib: “Səhv etmirəmsə, “Maşın Şou” ilk dəfə 2005-ci ildə efirə çıxmışdı. Mən bir neçə telekanalda rəhbərlik səviyyəsində çalışmışam. Amma “Maşın” realiti şounun ərsəyə gəlməsi tamamilə kənar işdir. Buna fərdi yanaşdıq. “Maşın”ın ərsəyə gəlməsi böyük müzakirələrdən keçdi. Hətta uzun müddət öz aramızda kəskin fikir mübadiləsi aparırdıq. Onu da etiraf edim ki, heç bir layihəyə bu qədər hazırlaşmamışıq”.
O, budəfəki “Maşın”ın başqalarından fərqlənəcəyini qeyd etsə də, iştirakçıların adını çəkməyib: “Mətbuatda iştirakçılarla bağlı yayılan siyahı düzgün deyil. Düşünürük ki, bu dəfə də fərqli və maraqlı şou ilə yadda qalacağıq. Çünki kiçik yeniliyə əl atmışıq. Digər şoularda kişilər 1 həftə qadınlara dəymirdi. Amma bu dəfə fərqli etdik. Şouda 9 kişi, 9 qadın olacaq. Əsl yarışma yaşanacaq. Sözsüz ki, gündəlik onların maraqlı qarşıdurması baş verəcək. Bu, bizim 15-ci “Maşın” şoumuzdur. Çalışırıq yubiley formatına yaxın olaq. Budəfəki maşınımız “Nissan Altima Restyle” olacaq. Hazırda satışda olmayan avtomobilin qiyməti 60 min manatdır”.
M.Dadaşov “Maşın” şou barədə yazılan tənqidlərə də cavab verib:
“Maşın realiti şousu əyləncə xarakterlidir. Buna başqa gözlə baxmayın. Bu şouya baxan insanlar yaxşı tərəfini görsünlər. Əslində bizim səsini kəsdiyimiz kadrlarda heç bir söyüşdən istifadə edilməyib. Sadəcə efirdə xoşagəlməz adi sözün eşidilməsini belə istəmirik”.
Qeyd edək ki, “Maşın” realiti şounun 15-ci sürəti “Xanımlar vs Cənablar” adlı yeni buraxılışı 8 Oktyabr saat 22:15-də ATV telekanalında başlayır. Şounun yayımı 18 gün nəzərdə tutulub. Buraxılışlar hər zaman olduğu kimi canlı yayımlanacaq və maşın ətrafında yenə 18 iştirakçı dayanaraq yarışa başlayacaq.
2005-ci il, oktyabr ayından başlayaraq müxtəlif intervalla yayımlanan “Maşın” hər dəfə fərqli və gündəmə uyğun adlandırılaraq yayıma başlayıb. Şounun çəkiliş meydançası və yayım otaqları yenidən “Azərbaycanfilm” Kinostudiyasının pavilyonunda qurulur. Studiya müasir dekorasiya və işıqlandırma qurğuları ilə, eləcə də çəkilişlərin aparılması üçün ən son model avadanlıqlarla təchiz olunur. Burada, qidalanma və gözəllik güşələri də nəzərdə tutulur.
18 yuxusuz gecədə ərsəyə gələn bu şounun yeni buraxılışı say hesabı ilə yubiley nömrə olduğu üçün bu dəfə final həyəcanı daha maraqlı və yaddaqalan olacaq. Belə ki, həmin gün “Maşın” realiti şounun iştirakçısı olmuş bütün məhşur simalar xatırlanacaq.
Bununla yanaşı, 8 oktyabr, saat 18:15-də ATV telekanalında efirə gedəcək “Maşın” realiti şou haqqında film, bu layihənin 12 illik efir tarixi barədə dolğun və ətraflı bir hesabatdır. “Maşın - Xüsusi buraxılış” adlı video hesabat layihənin hazırlanmasında peşəkar komanda işindən bəhs edir. Videoyazıya tamaşaçı kimi deyil, onun araya-ərsəyə gəlməsində əməyi keçən insanların gözü ilə baxacaqsınız.
Pərviz Hüseyn

Загрузка...
Загрузка...