35 yaşlı kişi iki yeniyetməni 8000 manatlıq qızılı oğurlamağa vadar etdi (FOTOLAR)

Məcburi köçkün ailəsinin mənzilindən oğurluq edən yeniyetmələr saxlanılıb.
Musavat.com xəbər verir ki, Xocalı şəhərindən olan 82 yaşlı Surxay Quliyevə məxsus mənzildən oğurluq edilməsi barədə Abşeron Rayon Polis İdarəsinə məlumat daxil olub. Polis əməkdaşları mənzildən 8 min manatlıq qızıl-zinət əşyalarının oğurlandığını müəyyən ediblər.
Şikayətçi ifadəsində bildirib ki, evdə olmadıqlarından istifadə edən naməlum şəxslər qızılların saxlandığı mücrünü aparıblar.
Aparılan əməliyyat-axtarış tədbirləri nəticəsində yaşayış binasının 5-ci mərtəbəsində yerləşəm mənzildən oğurluq etməkdə şübhəli bilinən şəxslər müəyyən edilib.  Araşdırmalarla məlum olub ki, 35 yaşlı Anar Məmmədov 16 yaşlı Kənan Əliyev və 17 yaşlı Emin Şirinovu cunayətə təhrik edib.
Emin Şirinovun sözlərinə görə, Anar Məmmədov bundan əvvəl də bir dəfə onu oğurluğa vadar edib. Lakin oğurluq kompüteri satan yeniyetmə pulu Anar Məmmədova verməyib. Bundan sonra 35 yaşlı kişi 17 yaşlı yeniyetməni polisə verəcəyi ilə qorxutmağa başlayıb: “Anar dayı məni qorxudurdu ki, polislər oğurluğu sənin etdiyini bilir. Dedi ki, 1000 manat pul lazımdır. Bir evi mənə göstərdi. Pul, qızıl olduğunu dedi. Biz də Kənanla getdik ora”.
Kənan Əliyev isə deyir ki, o, oğurluğa tanışı Eminin təklifi il razılıq verib. Evi isə onlara Anar göstərib.
Emin Şirinov: “Pəncərədən evə girdik. Şkafdan sandıq çıxdı. Bir də qəpiklər var idi. Götürdük, gətirib verdik Anar dayıya”.
Kənan Əliyev: “Əlcək taxdıq, pəncərədən düşdük evə. Emin mənə demişdi ki, sənə pul verəcəm. Sonra 10 manat verdi”.
Əməliyyat-axtarış tədbirlərinin davamı olaraq iki yeniuyetməni oğurluğa təhrik edən 35 yaşlı Anar Məmmədov da tutulub. Oğurlanmış qızıllar onun evindən tapılıb.
Qeyd edək ki, saxlanılan 16 yaşlı Emin Əliyev bundan əvvəl də cinayətdə iştirakçı olduğu üçün istintaqa cəlb edilibmiş. Lakin azyaşlı olması həmin vaxtonu həbsdən xilas edib.