27 yaşlı gənc ad günündə qətlə yetirildi – Dəhşətli qətlin təfərrüatı

 
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qətl törətməkdə və oğurluqda  təqsirli bilinən 1996-cı il təvəllüdlü Babək Atamalıyev, Hüseynağa Ağayev, in cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
 
Teleqraf.com xəbər verir ki, qətl hadisəsi bu ilin martın 22-də, gecə saat 01 radələrində baş verib. 27 yaşlı Namiq Məmmədov Sumqayıt şəhəri, 13-cü mikrorayondakı 6 saylı binanın qarşısında üzərində zorakılıqla qətlə yetirilməyə xarakterik xəsarətlərlə meyiti aşkar edilib.
 
Həmin fakta görə Sumqayıt şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.
 
Həyata keçirilən istintaq-əməliyyat tədbirləri nəticəsində qətlin Sumqayıt şəhər sakini Babək Atamalıyev tərəfindən törədilməsində əsaslı şübhələr olduğundan o, tutularaq istintaqa cəlb olunub.
 
Məlum olub ki, Namiq Məmmədov doğulduğu gün qətlə yetirilib. Hadisə şahidləri bildirib ki, mərhum gənc işdən qayıdarkən siqaret almaq üçün məhəlləyə yaxın ərazidə dükana girib. Mağazadan çıxan Namiqə 3 şəxs yaxınlaşıb və siqaret istəyiblər. Namiq Məmmədovun onlara siqaret vermək istəməməyi mübahisəyə səbəb olub.
 
Beləliklə, mərhumu təqib edən həmin şəxslər həyətə girənə qədər onu söyüb təhqir ediblər. Təhqirlərdən bezən Namiq həyətə girən kimi, blokun önündə dayanan 4 qonşunu köməyə çağırıb. Qonşuların mübahisəyə müdaxiləsi vəziyyəti daha da ağırlaşdırıb. Belə ki, siqaret arzusunda olan şəxslərdən biri-1996-cı il təvəllüdlü Babək Atamalıyev üzərində gəzdirdiyi bıçağı çıxararaq Namiqi vurub və qaçıb. Qonşular qatilin arxasıyca qaçmaq istəsələr də o, əlindəki soyuq silahla hamını hədələyərək aradan çıxa bilib.
 
Qonşulardan biri mərhumun ailəsinə xəbər verməyə, biri taksi axtarmağa, digəri isə təcili tibbi yardıma zəng ediblər. Namiq aldığı ağır bıçaq zərbəsindən bir neçə dəqiqə sonra, anasının qucağında keçinib...
 
Namiqi öldürəndən sonra qatil və onun yanındakı digər şəxslər növbəti cinayəti törədiblər. Qonşu məhəlləyə qədər qaça bilən şəxslər dükan yarıblar və məhz bu zaman polis tərəfindən tutulublar. Bildirilir ki, qatil “ölüm işi hara, dükan yarmaq hara? 1-2 il yatıb çıxarıq” düşüncəsiylə bu yola əl atıb.
Polis bölməsində oğurluq ittihamı ilə qalan həmin şəxslər qətlə şahidlik etmiş 4 qonşu tərəfindən tanınıblar. Şahidlik etmək üçün bölməyə dəvət olunan qonşular təsadüfən qatili görərək onun  oğurluq üstündə tutulduğunu eşidiblər.
 
Qonşular həmin şəxsin əslində Namiqin qatili olduğunu bildiriblər və Babək Atamalıyev sorğu-sualdan sonra hər şeyi boynuna alıb. Hüseynağa Ağayev və Həsən Camalov da məsuliyyətə cəlb edilib. Hər iki şəxsin barəsində polis nəzarəti altında qəti imkan tədbiri seçilib.
 
Hakim Ramella Allahverdiyevanın sədrliyi ilə keçirilən prosesdə Hüseyn Camalov ifadə verməsi üçün zala dəvət edilib. Bildirib ki, o, Həsən Camalovun kiçik qardaşıdır.
 
Sorğu-sual zamanı məlum olub ki, Hüseyn Camalovun 15 yaşı var. Hakim bildirib ki, şahid yetkinlik yaşına çatmayıb və valideynləri olmadan dindirmək olmaz. Buna görə də hakimlər Hüseyn Camalovu dindirməyiblər.
 
Şahid qismində Ənvər Salamov ifadə verib. O, bildirib ki, yaşadığı evin pəncərəsindən baxanda bir neçə nəfərin mağazanı qarət etdiyini görüb.
Ənvər Salamovun sözlərinə görə, həmin şəxslərin üzlərini görə bilməyib: “Aşağı düşdüm. Həmin şəxslər artıq qaçmışdı. Buna görə də onları tapa bilmədim. Daha sonra qonşular ora toplaşdı. Bildik ki, məhləmizdə olan mağaza qarət edilib”.
 
Sonra hakim bildirib ki, cinayət işi üzrə olan 17 şahiddən 14 nəfəri məhkəmə istintaqı zamanı dindirilib. Bildirib ki, dindirilməyən şahidlərdən 2-i Rusiyada yaşayır və onların məhkəməyə gətirilməsi mümkün deyil. Hakimin sözlərinə görə, digər şahid Feyruz Salmanov mağazada gözətçi işləyib və hadisənin şahidi olmayıb.
 
Hakimin sözlərinə görə, Feyruz Salmanov hadisəni kimlərdənsə eşidib və eşitdiklərini danışıb.  Hakim təklif edib ki, şahidlərin dindirilməsi başa çatdırısın. Tərəflər buna etiraz etməyib. Bu səbəbdən hakimlər cinayət işində olan sənədləri elan ediblər. Daha sonra məhkəmə istintaqının tamamlanması barədə qərar qəbul ediblər.
 
Çıxış etmək üçün dövlət ittihamçısına söz verilib. Amma dövlət ittihamçısı çıxışa hazırlaşmaq üçün vaxt istəyib.
 
Proses noyabrın 2-də davam edəcək.