21 Azər Hərəkatının əfsanəvi generalı: Oğlundan sərt ittihamlar

Baxış sayı: 
280

 
    
 
General Cəfər Kavianı Güney Azərbaycan tarixindən kimlər silməyə çalışır?
 
Oğlu Marks Kavian: “Milli hökumətin partizan hərəkatını və 18 minlik fədai ordusunu yaradan Cəfər Kavian olub”
 
General Cəfər Kavianın ölumündən bir ay sonra Hizbi-Tudeyi İranın - Azərbaycan Demokrat Partiyasının orqanı "Azərbaycan" qəzeti 1975-ci il 28 fevral tarixli nömrəsində şəkli ilə birgə nekroloq verib. Azərbaycan oğlunun azadlıq yolunda çəkdiyi əziyyətlər qəzetdəki bu yazıda da öz əksini tapıb:
 
"Cəfər Kavian gənc yaşlarından ölkənin əsarətdə olmasını və xalqın məşəqqətli həyatını müşahidə etmiş, minlərlə gözüaçıq Azərbaycan oğlu kimi mübarizəyə qoşulmuşdur. O, Azərbaycan Demokrat firqəsinin qurucularından biri olub. Xalq milli hökuməti Kaviana generallıq dərəcəsi verərək onu xalq qoşunları vəziri təyin etmişdir. "21 Azər" nehzətinin nailiyyətlərini qoruyub saxlamaq uğrunda geniş mübarizədə Cəfər Kavianın da böyük xidmətləri vardır. Azərbaycanda milli demokratik hərəkat qan dəryasında boğulduğu zaman minlərlə demokrat və fədai kimi Cəfər Kavian da mühacirət etməyə məcbur olub. Lakin mühacirat illərində də Kavianın bütün fikri Vətənin və xalqın həyatı ilə bağlı olmuşdur. O, xalqın qalib gələcəyinə, azad, xoşbəxt İranın yaranacağına dərin inam bəsləyirdi. Bu yolda da inamla mübarizə aparırdı. Kavianın ölümü ilə azadlıq nehzəti və İran zəhmətkeşləri sabiqədal yoldaşlarımızdan birini itirdi".
 
1945-ci il dekabrın 12-də Cənubi Azərbaycanda silahlı üsyan nəticəsində xalq Azərbaycan Demokratik firqəsinin banisi Seyid Cəfər Pişəvərini milli hökumətin baş naziri təyin etdi. O taylı qardaşlarımız çoxdan arzuladıqları günə çatdılar. Onlar İran çərçivəsində milli muxtariyyət aldılar. Azərbaycan dili rəsmi dövlət dili oldu. Ana dilimizdə orta və ali məktəblər açıldı. Səkkiz saatlıq iş günü bərpa olundu. Səttarxana və Bağırxana heykəl ucaldıldı. Azərbaycanlıların həyatında tamam yeni bir yüksəliş dövrü başlandı. Həmin gün tarixə "21 Azər hərəkatı" kimi daxil oldu.
 
Fədailər Azərbaycanın şəhər və kəndlərini istilaçı İran qoşunlarından təmizlədilər. Fövqəladə bacarığa və hərbi məharətə malik olan Cəfər Kavian Azərbaycan Milli hökumətinin qərarı ilə general-mayor rütbəsi ilə təltif olundu, müdafiə naziri təyin edildi. Həmin ili "Nəcate-İran" qəzeti yazırdı:
 
"General Kavian hal-hazırda Azərbaycanın həm qoşun hissəsinə, həm də Azərbaycan milis idarələrinə başçılıq edir. Bu şəxs qədim mübariz İran azadxahlarından biri olub və Azərbaycan Demokratik hərəkatında, eyni halda İran Demokratik hərəkatında iyirmi beş il qabaqdan ta indiyə kimi iştirak edibdir.
 
O, Rza şah dövründə illərlə həbsdə olmuş və həyatının çox dövrünü zindanda keçirmişdir. "21 Azər hərəkatı"nda Cəfər Kavian canfəşan fədai olmuş və Azərbaycanın bütün fədai dəstələrinin rəhbərliyini öz əlinə almış, gözəçarpan dərəcədə fədakarlıq göstərmişdir. Ona görə də Azərbaycan Demokratik hökuməti Cəfər Kavianı hərbi vüzarətxananın vəziri təyin etdi. O, öz silahdaşları - azadxah Seyid Cəfər Pişəvəri, Şəbüstəri, doktor Cavid və başqaları ilə Azərbaycan Demokrat Partiyasını, milli hökumətin fəaliyyətini yüksəklərə qaldıraraq mürtəce irticanı çıxılmaz vəziyyətdə qoymuşdur".
 
 
 
General Cəfər (Məmmədzadə) Kavian 1974-cü ildə öz dəst-xəttilə yazdığı tərcümeyi- halında qeyd edir ki, inqilabi fəaliyyətə gənc bir fədai kimi 1908-ci ildən, on üç yaşında Səttarxan hərəkatından başlamışam. O vaxta qədər Təbrizdə dini təhsil almışam. Onun atası Təbriz yaxınlığındakı Səhlan kəndindən idi. Yoxsul kəndli olan atası Məhəmmədəli kişini ağır həyat dözümlü və iradəli etmişdi. Kəndli həyatının sərt güzəranı, ağa torpağı becərmək onu cana doydurmuşdu.
 
Dəmir iradə və şəxsi bacarıq onu siyasi cəhətdən şüurlu bir fədaiyə çevirdi. O, oxumaq, yazmaq öyrəndi. Xalq qəhrəmanı Səttarxanın tanınmış mücahidlərindən biri və gizli inqilabi hərəkatın məşvərətçisi oldu. Səttarxan 1910-cu il aprelin on beşində Tehranda böyük təntənə ilə qarşılananda mücahidlərlə birgə çəkdirdiyi şəkildə - ön cərgədə savalanlı Məhəmmədəli kişi də vardı. Həmin tarixi şəklin əsli indi də nəvəsi Marksda (Cəfər Kavianın oğlunda) saxlanılır. Səttarxanın azadlıq hərəkatı mürtəce İran hakimləri tərəfindən yatırıldıqda, savalanlı Məhəmmədəli də həbsə alındı. Həbsdən azad olandan bir az sonra çəkdiyi işgəncələrdən vəfat etdi. Məhəmmədəli Səhlanlının obrazı Makulu Pənahinin "Səttarxan" romanında öz əksini tapıb. Cəfər (Məmmədzadə) Kavian Cənubi Azərbaycan milli hökumətinin müdafiə naziri idi. Xalqının azadlığı uğrunda çalışan general çətin və mürəkkəb həyat yolu keçmişdi. İlk gəncliyindən gizli inqilabi işə qoşulduğundan o, iki adla fəaliyyət göstərib. Gəncliyində onun gizli adı Məşədi idi, Cənubi Azərbaycan milli hökumətinin milli qoşunlar vəziri olanda isə general Cəfər Gavian kimi tanınmışdı. hərəkatı başlananda savalanlı Məhəmmədəli kişi böyük qardaşı İsrafillə mücahidlərin sırasına qoşuldu General Cəfər Məmmədzadənin böyük qardaşı İsrafil də inqilabi işdə fəal çalışan fədailərdən idi. O, Azərbaycanın şanlı oğlu Heydər əmioğlunun mübarizə yoldaşı olub.
 
 İnqilab məğlubiyyətə uğrayanda, o, qardaşı İsrafillə şah təqibindən Bakıya pənah gətirir. İki il Bakıda dərzilik edən Məşədi Cəfər yenidən Təbrizə qayıdır. Qulamhüseyn xan Rzazadənin evində təşkil olunmuş İran sosial-demokrat firqəsinin beşinci hövzə iclasında iştirak edir. Şeyx Məhəmməd Xiyabani hərəkatında fədai başçılarından biri olur. İftixarla demək olar ki, general Cəfər (Məmmədzadə) Kavian çox zəngin və keşməkeşli inqilabi həyat yolu keçib. Onun həmin dövrdəki gizli fəaliyyəti Əkrəm Səlimzadənin və Rzabala Nurəliyevin məşhur çekist İslam Əliyev haqqında yazdıqları "Son döyüş" kitabçasında da təsvir olunur: “O, Mərənddən Təbrizə köçdü. 1922-ci ilin fevral ayının ilk günlərində Təbriz çox narahat idi. Küçələrdə tez-tez nümayişlər olurdu. Şah istibdadından cana doymuş xalq ajanları döyür, hökumət idarələrini tanımaq istəmirdi. Həmin ayın doqquzunda Məşədinin gizli şəraitdə yaşadığı evinə bir neçə adam toplaşmışdı. Onların arasında Məşədi, İslam, şair Lahuti, doktor Rəhim xan, Tağı Şərqi, Bürhani və başqaları var idi. Onlar kiçik müşavirə keçirdilər. Tez də dağılışdılar. Bu hadisədən bir - iki saat sonra Təbrizin müxtəlif məhəllələrində atışma başlandı, bütün gecəni davam etdi. Səhər isə hökumət artıq xalq fədailərinin əlində idi".
 
 
 
- Marks müəllim, atanız Cəfər Kavianın keçdiyi keşməkeşli yollar, onun inqilabi fəaliyyəti barədə daha nələri qeyd etmək olar?
 
- Xalqımızın azadlığı uğrunda özünü oda-közə vuran Məşədi Cəfər (Məmmədzadə) Kavian 1922-ci ildə məşhur şair Əbülqasım Lahuti hərəkatında da yaxından iştirak edərək fədai başçısı olur. Bir az sonra şahlıq rejiminin ağırlığı nəticəsində bu hərəkat da yatırılır. Məşədi Cəfər ikinci dəfə doğma Bakıya pənah gətirir, təhsilini artırmaq üçün partiya kursuna daxil olur. 1924-cü ildə Azərbaycan Kommunist Partiyasının sərəncamı ilə Məşədi Cəfər Naxçıvandakı dağ-mədən fəhlə həmkarlar ittifaqının sədri vəzifəsinə işə göndərilir. Üç il sonra üçüncü Kominternin tapşırığı ilə yenidən İrana göndərilən Məşədi Cəfər Təbrizdə, Rəştdə, Mazandaranda və Tehranda gizli inqilabi iş aparır.
 
-Bu gizli fəaliyyət dövründə yəqin ki, ona olunan təqiblər də ara vermir...
 
- 1930-cu ilin sonlarında ajanlar (casuslar-red) onu həbs edir. Məhkəmənin 3472/14 nömrəli qərarının surətini mən saxlamışam. Onun mətni belədir: "Cəfər Kavian ona görə məsuliyyətə alınır ki, 1 may münasibətilə intibahnamələr nəşr etdirib Tehranda yayırmış. O, Kommunist Partiyasına mənsubdur. İrandakı və xaricdəki kommunistlərlə yaxından əlaqə saxlayır. İran məmləkətinə və onun istiqlaliyyətinə zidd bir adamdır. Ona görə də Cəfər Kavianın yoldaşları İran qanun məcəlləsinin iyirmi yeddinci maddəsi ilə, Kavianın özü isə həmin qanunun iyirmi səkkizinci maddəsi ilə mücazat olunub həbs olunurlar. Hökm yerinə yetirilir”. Altı il yeddi ay Qəsri-Qacar zindanının uça və qalın divarları, dəmir qapıları mərd Azərbaycan oğlu Cəfər Kavianın mübarizə əzmini qıra bilmir. Qəddar Rza şah hakimiyyəti həbsdən sonra onu Zəncan şəhərinə sürgün edir. O, sovet ordusu İrana gəldikdən sonra, 1941-ci ildə sürgündən azad olunur.
 
“Əkrəm Rəhimli atama qarşı çox haqsızlıqlar edib”
 
- Marks müəllim, ailə üzvləriniz, yaxud 21 Azər hərakatından oxucularımıza gizlətdikləriniz barədə məlumat verməyiniz yerinə düşərdi...
 
Üç qardaş və üç bacı olmuşuq. Bakıda yaşamışıq. Mən atamın o tay Azərbaycanımızdan çox çətinliklə gətirdiyi tarixi əhəmiyyətə malik sənəd və şəkilləri ən əziz, ən müqəddəs yadigar kimi hifz edib saxlayıram. Bunların arasında xalqımızın mətin oğlu Seyid Cəfər Pişəvərinin, general Cəfər Kaviana yazdığı məktublar, sənədlər, əmr və nizamnamələrin surəti, Səttarxanla babam Məhəmmədəlinin birgə çəkilmiş nadir fotoşəkli var. Şahın Təbriz üzrə komendantı general Derekşaninin atama təhvil verdiyi qılıncı və silahını da qoruyub saxlamışdım. Bu yaxınlarda İstiqlal muzeyinə təhvil verdim. Bu vaxta qədər gizlədirdim, çünki üzə çıxartsaydım, Əkrəm Rəhimli kimi tədqiqatçılar bunu da Qulam Yəhyanın adına yazardılar. Atama qarşı çox ədalətsizliklər edib Əkrəm Rəhimli...
 
“Əziz Əliyevin Güney Azərbaycan üçün böyük xidmətləri olub”
 
-Marks müəllim, 21 Azər hərəkatının tanınmış tədqiqatçılarından olan Əkrəm Rəhimli (Bije) nədənsə atanız, Milli Hökumətin müdafiə naziri Cəfər Kavianın fəaliyyətinə kölgə salır, yaxud atanızın gördüyü işləri kiminsə adına yazmağa cəhdlər edir...
 
-Onu mən Əkrəm rəhimsiz adlandırardım... O, kitabında yazır ki, 77 nəfər demokrat firqəsinin yaranmasına imza atıb. Onların sırasında imza atmayanları qeyd etsə də həqiqi səs vermiş şəxsin - Cəfər Kavianın adını çəkmir. Etiraz etmirəm, hətta Pişəvəri orda imza atmasa da 77 nəfərin sırasında adı verilib, olsun! Halbuki atam həm Səttarxanın Məşrutə hərəkatında, həm Şeyx Məhəmməd Xiyabani hərəkatında 4 fərmandehin ən fəaliyyətdə olanı olub. Əslində, Milli hökumətin nollar (partizan) hərəkatını və 18 min fədai ordusunu yaradan birbaşa atam Cəfər Kavian olub. Onu da qeyd etməyi özümə borc bilirəm ki, Milli hökumətin qurulmasında Seyid Cəfər Pişəvərinin müstəsna rolu olubsa da, digərlərini - Azərbaycan xalq qoşunları vəziri (müdafiə naziri) general Cəfər Kavianı, Azərbaycan Əyaləti Əncumanının (Milli məclis) sədri Hacı Əli Şəbüstərini, daxili işlər naziri doktor Cavidi, baş nazirin müavini Sadıq Padiqanı və sairləri unutmaq olmaz. Ən azından bu 5 nəfər qurucular olublar. Şimali Azərbaycanda da bu işə dəstək verən 3 nəfər olub. Birincisi, Mir Cəfər Bağırovdur. İkincisi, Əziz Əliyev, üçüncüsü isə general Ağasəlim Atakişiyev olub.
 
-Əziz Əliyevin hansı xidmətləri olub? Səhv etmirəmsə, həmin illərdə Əziz Əliyev Cənuba ezamiyyə olunub...
 
-1941-ci ildə Sovet qoşunları İrana daxil olanda Əziz Əliyev bu qoşunların ilk komissarı kimi Zəngana daxil olur. Və onun xidməti sayəsində Cənubi Azərbaycanda bütün sürgün həyatı yaşayanlar həbsdən azad olunub. O cümlədən, atam Cəfər Kavian da... Ə.Əliyev 1942-ci ilə qədər bu işdə olub. 42-dən sonra bu iş həvalə olunub general Ağasəlim Atakişiyevə. Bu insanların fəaliyyətinə qətiyyən kölgə salmaq olmaz. Tarixi saxtalaşdırmaq da olmaz.
 
-Bəs, general Ağasəlim Atakişiyev hansı müstəsna fəaliyyəti ilə yadda qalıb ?
 
(ardı var)
 
Söhbətləşdi: Şahin Bağırov
AMEA-nın aparıcı elmi işçisi, siyasi elmlər üzrə fəlsəfə doktoru

Загрузка...
Загрузка...