"2050-ci ildə Avropa radikal islamın hakim olduğu bir qitəyə çevriləcək" — Deputatdan sensasion açıqlama

Türkiyə prezidenti Ərdoğan Böyük Britaniyanın Avropa İttifaqından çıxmasını şərh edib.
Ərdoğan bildirib ki, Böyük Britaniyanın Avropa İttifaqından çıxması qorxudan qaçışdır. Britaniyanın ardınca digər dövlətlər də bu ittifaqı tərk edəcəklər. Türkiyə prezidenti Avropa İttifaqını Türkiyəyə qarşı ikili standartlar tətbiq etdiyinə görə də tənqid edib.
Ərdoğanın çıxışı və Avropada baş verən problemlər barədə millət vəkili Araz Əlizadə öz fikirlərini Ölkə.Az-la bölüşüb:
"Maraqlısı odur ki, Ərdoğan bu qədər ağıllı və uzaqgörəndirsə, Avropa İttifaqına daxil olmaq naminə Türkiyə Cümhuriyyətinin Atatürk tərəfindən qoyulan təməlini dağıtdı. Ordu hər şeyin qarantıdır, ordunun nüfuzu hər şeydən yüksək olmalıdır. Ərdoğan bunu dağıtdı ki, Türkiyəni Avropa İttifaqına qəbul edəcəklər. Hətta konstitusiyanı dəyişib, parlament respublikasından prezident respublikasına keçmək istəyir. Ərdoğan özünə əlahiddə hüquqlar istəyir. Bunların hamısı siyasi oyundur.
Avropa İttifaqından kim çıxacaq, kim çıxmayacaq o ayrı məsələ. Türkiyə Avropa İttifaqına can atırdı, ona görə ki, elə bilirdi Avropa Türkiyəni yedirdəcək. Ancaq Avropa böyük bir səhvə yol verib ittifaqa keçmiş sosialist ölkələrini qəbul etdi və bununla da öz çöküşünə zəmin yaratdı. Avropa İttifaqı ABŞ-a qarşı iqtisadi rəqabətdə duruş gətirirdi. Bu zaman ABŞ Yaxın Şərqdə vəziyyəti gərginləşdirdi və Avropaya qaçqın axını başladı. Qaçqın axınını Avropaya yönəltdilər. Baxarsınız, 2050-ci ildə mən ölü, siz diri, görəcəksiniz ki, indiki Avropadan əsər-əlamət qalmayıb. 2050-ci ildə Avropa radikal İslamın hakim olduğu bir qitəyə çevriləcək. Bunun üçün çoxlu pullar sərf edilib və bunun da nəticəsini gözləyəcəklər. Çünki ABŞ-a rəqib lazım deyil. ABŞ özü də çökəcək. ABŞ ona görə çökəcək ki, əvvəlki vaxtda olan siyasətçilər, istedadlı gənclər hal-hazırda ABŞ siyasətində yoxdur. Bu gün özündən razılar ABŞ siyasətindədir. Onlar elə bilir ki, istənilən ölkə ilə istədikləri kimi davrana, dünyada istədikləri siyasəti yürüdə bilərlər. ABŞ ən sadiq müttəfiqlərini çökdürməklə demək olar ki, öz çöküşünün təməl daşını qoydu. ABŞ təkbaşına bacarmayacaq.
ABŞ Rusiyanı Avropadan sıxışdırıb çıxardı. Təhlükə olduğu zaman Avropanı qorumaq üçün Rusiya adətən öz insan resursları ilə bütün müharibələr dövründə bir sədd yaradırdı. Avropa üzünü çevirdi şərqə tərəf və bu istiqamətdə də yoluna davam edəcək".