“200 yaralıdan 15-ni xilas edə bilmədik” - 20 yanvarda gecəsini “Semaşko”a keçirən həkim

Baxış sayı: 
147
0  
0  

 
 
 
Qanlı 20 Yanvar faciəsinin 28-ci ildönümünü yaşayırıq.
 
1990-cı ilin həmin günündə keçmiş sovet ordusunun Azərbaycan xalqına qarşı həyata keçirdiyi hərbi təcavüz insanlığa qarşı törədilmiş ən ağır cinayətlərdən biri kimi yaddaşlardan silinməyəcək.
 
1990-cı il yanvarın 20-də Azərbaycanda 131 insan öldürülüb: onlardan 117-si azərbaycanlı, 6-sı rus, 3-ü yəhudi, 3-ü tatar olub; 744 adam ağır xəsarət alıb; 4-şəxs itkin düşüb; 400 nəfər isə həbs edilib. Fövqəladə vəziyyət elan ediləndən sonra isə 21 nəfər qətlə yetirilib. Fövqəladə vəziyyət elan edilməmiş rayonlarda - Neftçala və Lənkəranda 25-26 nəfər öldürülüb.
 
Modern.az saytı 20 Yanvar hadisəsinin şahidi olan, 1 saylı Kliniki Tibbi Mərkəzin həkimi Rafiq Əliyev ilə həmsöhbət olub.
 
 
"8 əməliyyat otağında 200-ə yaxın  yaralı yerləşdirdik”
 
1952-ci il təvəllüdlü, tibb elmləri namizədi, anestezioloq-reanimatoloq Rafiq Əliyev ayın 19-dan 20-sinə keçən gecə keçmiş Musa Nağıyev adına Təcili Tibbi Yardım Xəstəxanasında  ("Semaşko xəstəxanası”) növbədə olan həkimlərdən idi:
 
"Bizə qabaqcadan yaralıların ola biləcəyi ilə bağlı xəbərdarlıq edilmişdi. Çünki şərəfsiz Qorbaçov Azərbaycana hücuma keçmişdi, həm də fövqəladə vəziyyət elan edilmədən basqın edilmişdi. Qorbaçovun planı dinc əhalini vəhşicəsinə qırmaq idi. Onun  planı əslində üç istiqamətdə olmuşdu. Birinci planı ulu öndər Heydər Əliyevi işdən uzaqlaşdırmaq, ikinci planı Sumqayıt hadisəsini törətmək, üçüncü planı Azərbaycan xalqının  iradəsini qırmaq, onları bir növ özünə tabe etmək idi.
 
Xülasə, 20 yanvar hadisəsindən qabaq xəstəxananı tam boşaltmışdıq. Bizə yüngülvari xəbərdarlıq etsələr də, bu formada olacağını, belə faciənin baş tutacağını gözləmirdik, həm də inanmırdıq. Qorbaçov qanlı yanvarı qanlı hərflərlə Azərbaycan tarixinə yazdı. Həmin gecə saat 12-yə 10 dəqiqə qalmış silah səsləri eşidildi. Şəhəri artıq gülləbaran etməyə başlamışdılar. Bizə təcili yardım maşınları vasitəsilə  xəstələr daşınırdı. 35 nəfərə qədər cəsəd gətirdilər. Mən özüm onları saydım. 8 əməliyyat otağında  ağır yaralılar üzərində əməliyyat aparılırdı. 200-ə yaxın xəstəni ayrı-ayrı şöbələrə yerləşdirdik. Mən də həmin gecə öz sahəmdə tək olan növbətçi həkim idim. Eyni anda 8 xəstəyə narkoz verirdim. Yanımda yalnız tibb bacıları var idi. Biz belə hadisənin olacağını bilsəydik, həkimlərin sayını artıra bilərdik. Ayrı-ayrı ixtisaslaşmış həkimlər də növbədə qalmışdı”.
 
"Tibb Universitetinin yataqxanasında yaşayan qızlar bizə kömək etdilər”
 
 
R.Əliyev  deyir ki, həmin gecə ordu xəstəxananı da mühasirəyə almışdı:
"Hərbi qulluqçular hər yerə güllə atırdılar. Qocalara, qadınlara, evlərə, hətta heyvanlara hücum edirdilər. Bu səbəbdən biz də həkim kimi öz işimizi görürdük. Eyni zamanda, gecə işığı da söndürdülər. Bizə qarşı çox böyük vəhşiliklər oldu. Bilirsiniz, narkoz aparatları elektriklə işləyir. İşıqları söndürəndən sonra biz əməliyyatların davam etməsi üçün əllərimizi işə saldıq. Bu məqamda bizə Azərbaycan Tibb Universitetinin yataqxanasında yaşayan qızlar kömək etdi. Həmin qızlar ağlayaraq qaça-qaça gəlib bizi tapdılar. Onların əlində lampa, şam, qəzet, kibrit var idi. Qızların gətirdiyi lampanın, şamın altında işimizi görürdük. Hərbi terrorçular elə bildilər ki, Azərbaycan xalqının iradəsini qıra bilərlər, amma bu, mümkün olmadı. Əliyalın millət onların qarşısına cəsarətlə çıxdı. Xalqımızın igid oğul və qızları güllələndi, həlak oldu. Şəhərə girən hərbçilər hətta təcili yardım maşınlarına  atəş açırdılar. Bizdə də həmçinin kifayət qədər yaralı həkimlər oldu. Buna baxmayaraq, xalqımız öz iradəsini nümayiş etdirdi. Bizim xəstəxanada qalan 200 yaralını ziyarət etmək üçün Azərbaycanın hər yerindən axın-axın insanlar gəlirdi. O vaxt şəhidlərimizi dəfn edən zaman Bakının kəndlərində gül yetişdirən oğlanlar maşın-maşın qərənfil gətirdilər”.
 
"Dözə bilmirdim, gülləni atan şərəfsizləri söyürdüm”
 
Müsahibimiz bildirib ki, 20 Yanvar gecəsi xəstəxanaya gətirilən 200 yaralıdan 15-i dünyasını dəyişib:
 
"Ümumilikdə Musa Nağıyev adına Təcili Tibbi Yardım Xəstəxanasında ölülərin sayı 50 nəfər oldu. Yaralılar səhər saatlarına kimi gətirilirdi. 20  Yanvarın ertəsi gün, o cümlədən növbəti günlər də tək-tük yaralılar xəstəxanamıza yerləşdirildi.
 
Həmin gecə özümü çox pis hiss edirdim. Mən ağlaya-ağlaya yaralılara narkoz verirdim. Dözə bilmirdim, gülləni atan şərəfsizləri söyürdüm. Hətta məni də ruslar vurmaq istədi, amma alınmadı. Daha sonra şəhərdə maşınla gedəndə tankı üstümə sürdülər.  Şansım gətirdi ki, bu hadisədən də qurtula bildim. O vaxtı elə qeyrətli, cavan uşaqlarımız öldü ki, biz onların yanında heç nəyik. Amma onlar əbədi olaraq qəlbimizdə yaşayırlar”.
 
"Döş qəfəsindən, qarın nahiyəsindən, başından, gözündən güllə yarası alanlar...”
 
R.Əliyev deyir ki, 20 Yanvar faciəsindən sonra ciddi ürək ağrıları keçirib:
 
"Hərbçilər xəstəxananı mühasirəyə alaraq, qıraqda dayanıb baxırdılar.  Gülləbaran olmuş maşınlar isə yaralı daşıyırdı. Həmin əsgərlərin bəzilərini gördüm. Deyərdim ki, onlar hərbi qulluqçu deyildilər, onların çoxu təxribatçı, narkotik qəbul edən insanlar idi. Hadisənin səhərisi günü  aradan çıxdılar.
 
Xəstəxanamıza gətirilən yaralıların içində ağır xəsarət alanlar, döş qəfəsi, qarın nahiyəsindən, ayaqlarından, başından, gözündən güllələnənlər var idi. Çox güllələr çıxarıldı. Mən bu hadisənin calı şahidi oldum və sonradan da çox ürək ağrıları keçirdim. Xalqımız doğurdan da dəyanətli, mətanətlidir. Xalqımızı heç kim sındıra bilməz!”.

Загрузка...
Загрузка...