​20 Yanvar ərəfəsində İsa Qəmbər də, Etibar Məmmədov da mənimlə görüşməyə cəhd edirdi...”

“Vəzirov Qorbaçovun qorxusundan yanvarın 15-də Moskvada olan Elmira Qafarovanın adını Bakıda- Ali Sovetdə iştirakçı kimi yazdırmaqla saxta kvorum yaratmışdı...”
 
 
... Maraqlıdır,  görəsən, 28 il öncə baş versə də,  dözülməz ağrıları Azərbaycanın canından  çəkilməmiş 20 Yanvar qətliamı ərəfəsində Bakının meydan və küçələrindəki dəhşətli və qanlı olaylar hökumət kabinetlərindən, parlament dəhlizlərindən necə görünürdü? Deputat və məmurlarımız hansı hissləri keçirirdilər, faciənin qarşısını almaq, yaxud onun nəticələrini dünyaya çatdırmaq üçün hansı çabaları göstərirdilər?
 
Bu və digər suallara cavab tapmaq üçün o dövrdə Azərbaycan SSR Ali Soveti sədri olmuş mərhum Elmira Qafarovanın müşaviri kimi çalışmış Cahangir Nəcəfovdan Moderator.az-a geniş müsahibə verməsini istədik:
 
(Əvvəli bu linkdə: moderator.az/news/208917.html)
 
- Cahangir müəllim, dünən –yanvarın 19-da Moderator.az-da sizinlə müsahibənin ilk hissəsi dərc olunduqdan az sonra “Sputnik Azərbaycan” Multimedia Mətbuat Mərkəzində təşkil edilmiş tədbirdə söylədiyiniz bir cümlə saytlarda yayıldı:”Vəzirov Moskvanı aldadırdı...”  zəhmət olmasa, bir az ətraflı izah edərdiniz. O vaxt Azərbaycan KP MK-nın 1-ci katibi olmuş  Əbdürrəhman Vəzirov 20 Yanvar faciəsi ərəfəsində  Moskvanı konkret olaraq nədə aldatmışdı? Bu haqda konkret fakt varmı əlinizdə?
 
- Bəli, əlbəttə, faktlar var. Mən arxivdə bunu sübut edən sənəd görmüşəm... Söhbətimizin əvvəlində dediyim kimi, 1990-cı il yanvarın 14-də rəhmətlik Elmira Qafarova ilə birgə SSRİ Ali Sovetin Rəyasət Heyətinin iclasında iştirak etmək üçn Moskvaya yollandıq. Yanvarın 15-də Qarabağ və ətraf rayonlarda fövqəladə vəziyyət elan edilməsi barədə məsələ müzakirə olunan yığıncaq başladı. Amma SSRI Konstitusiyasına görə, hər hansı bir müttəfiq respublika ərazisində fövqəladə vəziyyət yalnız həmin respublikanın Ali Sovetinin rəsmi razılığından sonra SSRİ Ali Sovetinin qərarı ilə elan edilə bilərdi. Yəni yanvarın 15-də də Moskvaya Azərbaycan Ali Sovetinin razılığı lazım idi. Amma saat 11 olsa da,  məlumat gəlirdi ki,  Bakıda Ali Sovet Rəyasət Heyətində kvorum toplanmayıb. Kremldə Qorbaçovun iclasında olan Elmira xanım mənə zəng etdi: “ Cahangir, otaqda ol, burada qalmaqaldı; Bakıda kvorum toplanmayıb. Qorbaçov hay-küy salıb, tez-tez Vəzirova zəng edib üstünə qışqırır ki, nə edirsən- et, Bakıda kvorum alınsın...” Bu səbəbdə Qorbaçov iclası saat 11-dən saat 3-ə keçirməyə məcbur olmuşdu. Nəhayət, axşam  saat 6-da Elmira xanım nümayəndəliyə gəldi, nəsə çox bikef idi. Sən demə, Azərbaycan Ali Sovetində kvorum yığılmadığından Vəzirov Elmira xanımın adını da  sənədə yazdırıb ki, guya o, Bakıdadır... Bu gerçək mənə neçə illər sonra məlum oldu. Beləliklə, Qorbaçov  Dağlıq Qarabağ Muxtar Vilayəti  və ətraf rayonlarda fövqəladə vəziyyət elan edilməsi ilə bağlı qərarı Bakıda zorla saxta kvorum təşkil etməklə Moskvada  Ali Sovetin Rəyasət heyətinin qərarı ilə qəbul etdirdi. Bu isə Konstitusuyanın kobud pozuntusu idi. Vəzirov da postunu qorumaq üçün Moskvanı o zaman aldatmışdı. Çünki faktiki kvorum yox idi-  həmin vaxt Moskvada olan Elmira Qafarovanın adı qanunsuz şəkildə saxtakarlıq edilərək iclasda iştirak edənlərin siyahısına əlavə edilmişdi. İllər sonra mən Milli Məclisin arxivinə gedəndə sənədlərdə gördüm ki, Elmira xanımın adı yanvarın 15-də Bakıda  - Ali Sovetdə keçirilmiş iclasda iştirakçı kimi yazılıb. Bu, Vəzirovun Qorbaçovla birgə törətdiyi cinayət idi. Bakıda fövqəladə vəziyyət elan etmək üçün isə yenə də eyni qaydada Azərbaycan parlamentinin razılığını almaq lazım idi. Fəqət,  heç bir razılıq alınmadan Bakıda da fövqəladə vəziyyət tam qanunsuz olaraq elan edildi...
 
- Siz o dövrdə demək olar ki, hökumət nümayəndəsi, məmur olmusuz. 20 Yanvar faciəsindən hələ iki il əvvəl start götürmüş xalq hərəkatı adlanan proseslərin əsas iştirakçılarının, yəni hərəkat liderlərinin günah və xətalarının bu faciənin  törədilməsindəki roluna necə baxırsınız?
 
- 1989-cu ilin sonu 1990-cu ilin əvvəllərində ölkədəki xalq hərəkatına münasibətim bir mənalı deyildi. Çünki hərəkatın lider və fəalları arasında elələri var idi ki, onların nə məqsəd güddüyü aydın deyildi. Ancaq elələri də var idi ki, səmimi qəlbdən hərəkatın ideyaları uğrunda mübarizə aparırdılar. İsa Qəmbər də, Arif Hacılı da, Etibar Məmmədov da, Zərdüşt Əlizadə də, Araz Əlizadə də, Hikmət Hacızadə də və s. – hamısı bilir ki, mən Ali Sovetdə işləyəndə xalqın xeyrinə olduğunu bildiyim işlərdə bacardığım qədər onlara kömək etmişəm. Çünki mən də bəzən səmimi şəkildə bunlara inanırdım. Bir dəfə müxalifətdən olanları MSK-nın iclasına buraxmırdılar. Rəhmətlik Yusif Hacıyev və Qulamhüseyn Əlibəyli mənə zəng etdilər, onların həmin iclasa buraxılmasını təmin etdim...
AMİP lideri Etibar Məmmmədovla 15 il qonşu olmuşuq. Yadımdadı ki, Etibar Məmmədov həbs edilib Moskvada Lefortovoda yatanda rəhmətlik anası indi bizim həyətdəki qutabxananın yerindəki söhbət köşkündə aclıq edirdi. Kinorejissor Ramiz Fətəliyev isə bizim eyvandan onu kameraya çəkirdi...
 
- Bakıya qoşun yeridilməsinə Kremlin əlinə bəhanə vermiş hadisələrdən biri olmuş 1989-cu ilin dekabrında Azərbaycan-İran sərhədlərinin sökülməsi prosesinə Ali Sovet rəhbərliyi necə dəyər verirdi?
 
- Suala sualla cavab verim. O vaxt SSRİ sərhəddinin 1km-liyinə yaxınlaşmaq olardı? Yox. Deməli, burada Moskvanın, xüsusən DTK-nın razılığı və əli olub.
 
- Sözünüzdən belə çıxır ki,  o vaxt  kütlələri, sadə vətənpərvər insanları, sıravi AXC üzvlərini sərhədləri dağıtmaq üçün qızışdırıb ayağa qaldıran  lider və fəallar bilərəkdən, ya bilməyərəkdən keçmiş “KQB”nin , “QRU”-nun oyunçularına çevrilmişdilər?
 
- Çox güman ki, belə imiş. Hər halda məntiq bunu deyir Əsas oyunçuların da kimlər olduğu göz qabağındaydı...
 
- 20 Yanvar ərəfəsində hərəkatın, AXC-nin liderləri tez-tez Mərkəzi Komitəyə(MK), Ali Sovetə gedib-gəlirdilər. Onlardan sizin yanınıza da gələnlər olurdumu?
 
- Həmin günlər İsa Qəmbər də, Etibar da və s. mənimlə görüşməyə cəhd edirdilər. Amma mən onları qəbul etmirdim. Heç görüşmək də istəmirdim. Çünki onların nə işlər gördüyü barədə məlumatım var idi. Aranı qatıb-qarışdırmışdılar. Belə olmazdı...
 
(Davamı var)
 
Sultan Laçın

Загрузка...
Загрузка...