“20 Yanvar qətliamının iştirakçıları arasında ermənilər də olub” -MÜSAHİBƏ

Əliməmməd Nuriyev: “Onların bir hissəsi rezervdən çağırılaraq silahlandırılıb və Bakıya göndərilib”
“20 yanvar hadisəsi rus-sovet-erməni birləşməsinin xalqımıza qarşı həyata keçirdiyi qətliamdır” “Mən özüm də bu hadisənin qurbanlarından biriyəm”
 
 
20 Yanvar faciəsinin üzərindən 28 il ötsə də, hələ də bu tarixi olaya hüquqi qiymətin verilməməsi narahatlıq doğurur. Moderator.az 20 Yanvar olaylarının mahiyyəti, onun hələ də beynəlxalq hüquqi qiymətinin almamasının səbəbləri və s. ilə bağlı fikirlərini öyrənmək üçün bu hadisələrin iştirakçısı, Konstitusiya” Araşdırmalar Fondunun rəhbəri, hüquqşünas Əliməmməd Nuriyevə müraciət edib.
 
-Əliməmməd bəy, qarşıdan 20 Yanvar hadisəsinin növbəti ildönümü gəlir. Sizcə bu faciənin hələ də beynəlxalq hüquqda öz lazımi qiymətini almaması nə ilə bağlıdır? Azərbaycanın özü bu məsələyə lazımi hüquqi qiymət veribmi?
 
-Azərbaycan müstəqillik əldə etdiyi gündən bu günə qədər 20 Yanvar hadisələrinə hüquqi qiymətin verilməsi üçün beynəlxalq qurumlar qarşısında məsələ qaldırıb. 20 Yanvar hadisələrinə, xalqımıza qarşı həyata keçirilən bu qətliama Azərbaycan parlamenti öz münasibətini bildirib. Mərhum prezidentimiz Heydər Əliyev də həm Naxçıvan Ali Məclisinin sədri olduğu, həm də parlamentinin sədri olan zaman Azərbaycan tərəfindən 20 Yanvar hadisəsinə hüquqi qimət verilib. Beynəlxalq aləmə də bu hadisəyə müvafiq hüquqi-siyasi qiymətin verilməsi üçün müraciətlər olundu. Hər il dünya parlamentlərinə bununla bağlı müraciətlərin ünvanlanması davam edir.
 
-Həmin vaxt Bakıya daxil olan sovet hissələrinin tərkibində ermənilərin də olduğu ilə bağlı zaman-zaman müxtəlif fikirlər səslənib. Sizcə bu fikirlərdə həqiqət payı varmı?
 
-Məsələ bundadır ki, həmin vaxt rus-sovet ordusu Azərbaycanda dinc əhaliyə qarşı qətliam törətdi. Sovet əsgərlərinin tərkibində erməni mənşəli əsgərlər də cəlb edilib. Onların arasında rezervdən çağırılaraq prosesə cəlb edilənlər olub. Onlar yalnız Bakı şəhərində deyil, eyni zamanda ölkəmizin müxtəlif bölgələrində qətliamlar törədib. Neftçala, Lənkəran və s. ərazilərdə xalqımıza qarşı amansızlığa yol verilib. Nəticədə 131 nəfər qətlə yetirilib. Onlar evlərində, xəstəxanalarda, küçələrdə qətlə yetirilib. Halbuki, onlar sadəcə etiraz etməyə çalışırdılar. Bu etirazın kökündə isə mərkəzin Azərbaycana, onun ərazi bütövlüyünə olan münasibəti dayanırdı. Insanlar mərkəzi Azərbaycanın ərazi bütövlüyünün təmini ilə bağlı üzərinə götürdüyü öhdəliyi yerinə yetirməyə səsləyirdi. Onlar Dağlıq Qarabağda separatçıların qanunsuz hərəkətlərinin qarşısının alınmasını tələb edirdi. Onlar tələb edirdi ki, erməni silahlılarının mülki sakinlərə tutduğu divana son qoyulsun. Ermənistanın ərazimizə olan hücumları dayandırlsın və s. Xalq bunlara etiraz əlaməti olaraq küçələrə çıxmışdı.
 
-İnsanlar hökuməti daha hansı tələblərinin yerinə yetirilməsinə səsləyirdi?
 
-İnsanlar ölkədə azad, demokratik seçkilərin keçirilməsini tələb edirdi. Çünki qarşıda seçkilər də var idi. Belə olan halda Qarbaçov başda olmaqla Sovet İtifaqı Mərkəzi Komitəsi qərar qəbul etdi. Sovet SQ-ni dinc əhali üzərinə yolladı. Bu, əsl qətliam idi. Bunun başqa adı yoxdur. Azərbaycan xalqı öz azadlığını, ərazi bütövlüyünü tələb edirdi. Buna cavab olara qətliam törədildi.
Beynəlxalq hüquqda dinc nümayişlərə, toplantılara qarşı silahlı müdaxilə və nəticədə kütləvi qətllərin həyata keçirilməsi yolverilməz hesab edilir. Bakıda baş verənlər isə əsl soyqırım idi. Hesab edirəm ki, buna hökmən hüquqi qiymət verilməlidir.
 
-Niyə həmin hadisələrin baiskarı olan Mixail Qarbaçova qarşı beynəlxalq aləmdə heç bir təpgi olmadı?
 
-O zaman dünyada Qarbaşov fərqli bir statusa malik idi və fərqli apsektdən qiymətləndirilirdi. Buna görə də həmin vaxt onun üzərinə 20 Yanvar hadisələri ilə bağlı beynəlxalq aləm getmədi. Qarbaçovun fəaliyyəti o zamankı bəzi dövlət başçıları tərəfindən fərqli dəyərləndirilirdi. Onu əsassız olaraq demokratik, yeni ab-hava gətirən lider kimi dəyərləndirirdilər. Halbuki, onun fəaliyyəti milli münasibətlərin gərginləşməsinə, çoxsaylı kütləvi qətllərin baş verməsinə gətirib çıxartdı.
 
-Azərbaycandan başqa da SSRİ-nin digər respublikalarda sovet ordusunun zorakılığı ilə bağlı hadisələr baş vermişdimi?
 
-Bəli. Bu cür olaylar bu və ya digər formada bundan əvvəl Tiflisdə olmuşdu. Bundan daha əvvəl isə Alma-Atada baş vermişdi. Həmin hadisələr bilavasitə Qarbaçovun cinayətkar əməllərinin nəticəsi olaraq meydana çıxmışdı. Problemlər ordu və silah gücünə həll edilməyə çalşılırdı.
Müxtəlif tarixi əsər və araşdırmalarda bu məslələrlə bağlı obyektiv mövqe ortaya qoyulmaqdadır. Amma hər halda çox yaxşı olardı ki, beynəlxalq aləm də, beynəlxalq təşkilatlar da azərbaycanlılara qarşı törədilən 20 Yanvar qətliamına qiymət versinlər.
Azərbaycan bu istiqamətdə öz səylərini davam etdirir. Ümid edirəm ki, buna nail olacayıq.
 
-Bəzi siyasilər, ictimai xadimlər hesab edir ki, 20 Yanvar olayları həm də xalqımızın qəhrəmanlıq salnaməsi kimi mühüm əhəmiyyət kəsb edir. Sizcə faciə kimi dəyərləndirdiyimiz bu prosesi həm də qəhrəmanlıq kimi xarakterizə etmək mümkündürmü?
 
-Azərbaycan xalqı hər il 20 Yanvarı həm də bir qələbə günü kimi qeyd edir. Çünki bu, xalqımızın azadlıq uğrunda mübarizəsi idi. Bu baxımdan 20 Yanvarın həm də qəhrəmanlıq salnaməsi kimi qeyd edilməsi doğrudur.
 
Mən özüm də həmin hadisələrin iştirakçısı olmuşam. Bu hadisənin qurbanlarından biri də mən idim. Həmin hadisələr zamanı rus-sovet-erməni ordusunun yaraladığı şəxslərdən biri də mən olmuşam. Mən bu proseslərin icçərisində olduğum üçün bu hadisələrin mahiyyətinə daha yaxşı bələdəm. Sovet-rus-erməni ordusunun yeganə məqsədi xalqımızın azadlıq mübarizəsinin qarşısını almaq, onu qorxutmaq və fiziki baxımdan məhv etmək olub. Ortada başqa bir məqsəd, başqa bir məram olmayıb. Lakin xalqımız bu sınaqdan da ləyaqətlə, mərdliklə çıxdı və öz azadlığını təmin etdi.
 
Seymur Əliyev

Загрузка...
Загрузка...