1992: Ermənilərin daha bir qətliamı üzə çıxdı – Foto/18+

 
 
Qarabağ müharibəsində ermənilərin xalqımıza qarşı törətdikləri daha bir qətliama aid faktlar yayılıb.
 
Axar.az xəbər verir ki, araşdırmaçı-jurnalist Sultan Hümbətovun yayımladığı “Ballıqayada soyqırım” adlı yazısında hadisələrin gedişatı ardıcıllıqla göstərilir:
 
“1992-ci il mayın 18-dən sonra Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal edilmiş Laçın rayonundan olan məcburi köçkünlər - Abdullayev Abdulla Bədəl oğlunun, Hümbətov Vəzir İsmayıl oğlunun, Məhərrəmov Kamil İbrahimxəlil oğlunun, Məhərrəmov Cəmil İbrahimxəlil oğlunun, Mehdiyev Binnət Hümbət oğlunun, Mehdiyev Hümbət Əbülqasım oğlunun, Mehdiyev Məhəmməd Əbülqasım oğlunun, Mehdiyev Rəhbər Məhəmməd oğlunun ailələri Xanlar rayonunun (Göygöl rayonu) ərazisində, Murovdağın ətəklərində, Sarıqaya deyilən ərazidə doğma yurda - Laçına dönmək ümidi ilə müvəqqəti məskunlaşdılar.
 
Alməmmədov Şəmil Alməmməd oğlunun və Alməmmədov Səxavət Şəmil oğlunun ailələri isə Xızı rayonunun Fındığan kəndində məcburi köçkün kimi yerləşdi. Ailələrin məskunlaşdıqları ərazilərin heyvandarlıq üçün əlverişsiz olması səbəbindən yeni yurd yeri lazım idi. Yaxın qohumluq əlaqələri olan bu ailələrin başbilənləri bir yerə toplaşıb məsləhətləşdilər. Son nəticə olaraq Goranboy rayonunun Ballıqaya kəndinin ərazisində Gülüstan meşəsi yaxınlığındakı otlaq sahələrində məskunlaşmağı qərara aldılar.
 
Beləliklə, 1992-ci il avqustun son günlərində məcburi köçkünlük həyatına yeni qədəm qoymuş, Azərbaycan Respublikasının müxtəlif bölgələrində məskunlaşan, yuxarıda adları qeyd edilən 10 ailə heyvandarlıq üçün daha əlverişli şərait yaratmaq məqsədi ilə həmin ərazidə alaçıqlarda (çadırda) müvəqqəti məskunlaşdılar.
 
Ərazidə yerləşən ailələrdən olan qadınlar su gətirmək üçün səhəng götürüb bulağa gedirlər. Bulaq başında olan zaman hiss edirlər ki, sanki kimsə onları güdür. Ətrafda insan nəfəsi duyulur. Geri dönəndə bu barədə evdəkilərə məlumat verirlər və buradan geri dönmələrini ailə başçılarından xahiş edirlər. Lakin heç kəs bu məsələyə inanmır. Qadınlara izah edirlər ki, hissləriniz sizi aldadır. Beləcə, bir gün ötür, 28 avqust 1992-ci il tarixində, səhər saat 5 radələrində Ermənistan Silahlı Qüvvələrinin diversiya qrupunun 10-12 nəfər üzvü alaçıqlarda yuxulayan dinc sakinləri xüsusi amansızlıqla, iriçaplı silahlardan və qumbaraatanlardan atəşə tutur. Atəşə tutulan yaşayış alaçıqları meyitlərlə birgə tamamilə yandırılır.
 
Atəş sonunda dinc sakinlərdən 24-ü şəhid oldu, təsadüf nəticəsində 5 nəfər ağır yaralandı, 4 nəfər isə yüngül xəsarətlər aldı. Törədilmiş soyqırımda Abdullayev Abdulla Bədəl oğlu, Abdullayev Fərman Abdulla oğlu, Abdullayeva Səadət Abdulla qızı, Alməmmədova Kəmalə Şəmil qızı, Alməmmədova Minarə Əbülqasım qızı, Alməmmədova Zeynəb Şəmil qızı, Hümbətov Bəxtiyar Vəzir oğlu, Hümbətov Canpolad Vəzir oğlu, Hümbətov Elçin Vəzir oğlu, Hümbətov İsmayıl Vəzir oğlu, Hümbətov Nəbati Vəzir oğlu, Hümbətova Gülnar Vəzir qızı, Hümbətova Hürzaman Qara qızı, Mehdiyev Fikrət Hümbət oğlu, Mehdiyev Hümbət Əbülqasım oğlu, Mehdiyev Mehdi Hümbət oğlu, Mehdiyev Rəhbər Məhəmməd oğlu, Mehdiyeva Ayna Hümbət qızı, Mehdiyeva Bəyim Aydın qızı, Mehdiyeva Gülayə Əli qızı, Məhərrəmova Qənirə İbrahimxəlil qızı, Kəlbalıyeva Nübar Muradxan qızı, Mehdiyeva Suraya Məhəmməd qızı, Vəliyeva Zeynəb Hüseyn qızı şəhidlik zirvəsinə ucaldılar.
 
Soyqırım qurbanlarından ən kiçiyi 6 aylıq olub, ən yaşlısının isə 93 yaşı var idi. Meyitlərin bir çoxu tamamilə yanaraq tanınmaz hala düşmüşdü. Şəhid olanlar Azərbaycan Respublikasının müxtəlif bölgələrində, Bərdə rayonunun inzibati ərazi vahidində yerləşən Qaradəmirçi kəndində, Bərdə rayonunun Alpout və Nazırlı, Ağdam rayonunun Güllücə kəndlərində dəfn olunub.
 
Alaçıqları xüsusi qəddarlıqla atəşə tutan erməni faşistləri heç kəsin sağ qalmadığını zənn etsələr də, ailə üzvlərindən Məhərrəmov Yaqub Cəmil oğlu, Abdullayeva Züleyxa İbrahimxəlil qızı, Alməmmədova Şəhla Məhəmməd qızı, Mehdiyeva Lamiyə Rəhbər qızı, Mehdiyeva Elxan Rəhbər oğlu, Mehdiyeva Məhəmməd Rəhbər oğlu, Məhərrəmov Xoşbəxt Kamil qızı, Muradova Xuraman Məhəmməd qızı ölümün cəngindən xilas oldu. Onlar ağır və yüngül olmaqla müxtəlif dərəcədə zədələr almışdılar. Soyqırım zamanı yaralanmış 3 azyaşlı uşaq hər iki valideynini itirib.
 
Erməni faşistlərinin törətdiyi soyqırımın dəhşətli səviyyədə olmasına baxmayaraq, sonrakı illərdə nə dövlət orqanları, nə də daxili və xarici KİV-də elə də böyük işlər aparılmadı. Hətta qeyri-elektron və elektron KİV-də bəsit halda olan məlumatlara belə rast gəlinmir. Ermənilər tərəfindən törədilmiş bu soyqırım hadisəsinə aid açılmış cinayət işinin materialları və faktlar Azərbaycan Respublikası Hərbi Prokurorluğunda Memorial Soyqırım muzeyində qorunub saxlanılmaqdadır. Muzeydə soyqırıma aid hadisədən sonra çəkilmiş bir neçə şəkildən düzəldilmiş kollaj və çox qısa bir məlumat yerləşdirilib.
 
Yalnız xeyli müddət sonra, 2013-cü ildə “Laçın Yurdu” №2 (9) jurnalının çapdan çıxmış “Şəhidlərimiz and yerimiz” adlı xüsusi buraxılışında və 2016-cı ildə “Laçın Yurdu” №1 (19) jurnalında bu soyqırım haqqında az da olsa, məlumat verilib. Bu materiallar əsasında dəyərli ziyalımız Araz Yaquboğlu tərəfindən “Azərbaycanca Vikipediya”ya məlumat yerləşdirilib. Bu istiqamətdə işləri davam etdiririk.
 
Bir daha Ballıqayada baş vermiş soyqırım qurbanlarının əziz xatirəsini dərin hüzn və ehtiramla yad edir, Allahdan onlara rəhmət, yaxınlarına səbir diləyirik”.