19-cu əsrdə qadınlar dənizdə necə çimirdi? — FOTOLAR

 
19-cu əsrdə təkcə kişilər yox, qadınlar da dənizə çimməyə gedirdilər. Amma qeyd etmək lazımdır ki, 18 və 19-cu əsrlərdə yaşayan qadınlar çimərlik paltarı geyinib dənizə gedə bilməzdilər. Çimərlik geyimində sahildə uzanıb günəş vannası qəbul etmək mümkünsüz idi. Bəs bu dövrlərdə qadınlar dənizdə və çimərlikdə necə istirahət edirdilər?
 
Qeyd edək ki, 18 və 19-cu əsrlərdə çox qəribə çimərlik etiketi var idi və bu qaydalara hamı boyun əymişdi. Heç bir istisna olmadan çiməriyə gələn qadınlar bu qaydalara əməl etməli idilər. Qadının çimərlik geyimində dənizdə və ya çimərlikdə peyda olması çox böyük ədəbsizlik kimi qəbul edilirdi. Bu səbəbdən də xanımlar çimmək üçün nəzərdə tutulmuş xüsusi arabalardan istifadə edirdilər.
 
Qadınlara ləyaqət və təvazökarlıqlarını saxlamaq üçün "Çimərlik maşını" adlanan xüsusi kabinələr ixtira edildi. Bu maşın paltar geyinib-soyunan çimərlik kabinəsinə oxşasa da, ölçüləri fərqli idi və təkərlər vasitəsilə hərəkət edirdi. Bu kabinəyə girən qadın bu günkü standartlarla müqaisədə çox ciddi sayılan çimərlik geyimini geyinir və dənizdə çimirdi.
 
Çimərlik maşını atların vasitəsilə suyun içinə qədər aparılırdı. Bəzən isə əl əməyindən istifadə edilirdi. Kabinə dənizə daxil olan kimi, əynini dəyişən qadın qapını açaraq suya daxil olurdu. Xanımlar bu yolla sahildəki nabələd gözlərdən uzaq yerdə üzürdülər. Bəzi maşınlarda brezent çadır olurdu. Suya salınan bu çadır xanımlar üçün qapalı hovuz rolunu oynayırdı.


 
İlk çimərlik maşınları Böyük Britaniyada 1750-ci ildə debüt etdi. Sonra isə ABŞ, Fransa və Almaniyaya yayıldı. 1900-cü illərdə mənəvi dəyərlər dəyişildiyi üçün çimərlik maşınları əhəmiyyətini itirməyə başladı. Növbəti bir neçə il ərzində kişi və qadınlara bu kabinələrdən birlikdə istifadə etməyə icazə verildi.
 
1920-ci illərdən sonra bu təcrübə də ləğv edildi. Növbəti onillikdə isə dəb tarixi dəyişdi və qadınlar fərqli çimərlik geyimlərindən istifadə etməyə başladılar.