18 yaşlı əsgərin atası sakitləşmir: "Oğlumun qatilini verin mənə!"

İyulun 30-da Beyləqanda yerləşən hərbi hissədə həlak olan 18 yaşlı əsgər Pərviz Paşayevin atası oğlunun öldürüldüyünü iddia edir.
 
 
Turaninfo.az WSEMIR.COM-a istinadən danışan P.Paşayev bildirib ki, oğlu su kanalında can verməyib, onu boğub öldürüb kanala atıblar. Ata P.Paşayev Füzuli hərbi prokurorluğu tərəfindən obyektiv şəkildə bu məsələnin yenidən araşdırmasını tələb edir:
 
"Oğlumun meyitinə baxış keçirdik. Suya düşmədən öncə onun bədənində xəsarət izləri olub. Boğazı, əlləri, dizlərində izlər var idi. Müstəntiq özü də təsdiq edib. Əminəm ki, oğlumu öldürüb suya atıblar. Oğlumu yardılar. Yarılanda ağ ciyərindən su əvəzinə qan laxtası çıxdı. Döş qəfəsində qan laxtaları var idi. Boğazında boğulma izləri var idi və hansı ki müstəntiq özü də onun fotolarını çəkmişdi. Mən günahsız yerə kiminsə həbs olunmasını istəmirəm. Bu iş obyektiv şəkildə araşdırılsın və günahkarlar cəzalandırılsın", deyən P.Paşayev daha bir faktı da BiG.AZ-a açıqlayıb:
 
"Oğlum ölmədən bir neçə gün öncə telefonla danışdıq. O, bizdən hər dəfəsində külli miqdarda pul istəyirdi. Əvvəllər heç vaxt belə hal baş verməmişdi. Qapalı uşaq idi, ona lap əziyyət də versəydilər, bunu bizə bildirməzdi. Qaldı ki, suda boğulmaq ehtimalına, ağlasığmaz bir şeydir. Çünki uşaq Buzovnada böyüyüb. O qədər dənizdə olub ki, üzməyi çox yaxşı bacarırdı. Dənizdə yaxşı üzməyi bacaran birisi gölməçədə boğula bilərmi? Bu heç cür mümkün deyil. 11 aydır ki əsgər getmişdi. Eşitdiyimizə görə, ayın 23-ü oğlumun əsgərlikdə başqa əsgərlə mübahisəsi düşüb. Qruplaşma olub, oğlum da qruplaşmanın içərisində olub".
 
Oğlumun ölüm xəbərini aldıq və dərhal Beyləqan Mərkəzi xəstəxanasına yollandıq
 
P.Paşayev onu da bildirir ki, oğlunun meyitini təhvil alanda ekspert həkim onlara qarşı kobud davranıb:
 
"İçəri girəndə gördük ki, oğlumu soyundurub uzadıblar. Beyləqan Mərkəzi xəstəxanasına yollandıq. Ekspert həkim Fazil bəy bizə dedi ki, burada nə var ki, suya düşüb boğulub, ölüb də. Heç nə istəmirik, oğlumun suya düşmə səbəblərinin obyektiv şəkildə araşdırılmasını tələb edirik. Onu öldürən kəslərin cəzası yerdə qalmamalıdır".
 
Qeyd edək ki, Azərbaycan Respublikası Hərbi Prokurorluğu əsgər Pərviz Paşayevin ölümü faktına görə açıqlama yayıb.
 
Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin mərhum əsgəri Pərviz Paşayevin atası Paşa Paşayevin oğlunun döyülüb öldürülərək kanala atılması barədə bəzi KİV-də dərc edilmiş müsahibəsi ilə bağlı əsgərin 30 iyul 2016-cı il tarixdə Mil-Muğan su kanalına düşərək boğulub ölməsi faktına görə Füzuli hərbi prokurorluğu tərəfindən araşdırma aparılıb.
 
Məlumata görə, aparılmış ilkin araşdırma ilə müəyyən edilib ki, 30 iyul 2016-cı il tarixdə saat 12:50 radələrində mərhum əsgər Paşayev Pərviz Paşa oğlu xidmət etdiyi bölmənin əsgərləri ilə birlikdə üzərlərində böyük təyin olunmuş gizir Bayramov Ramin Cahangir oğlunun göstərişinə əsasən, Beyləqan şəhərindən keçən Mil-Muğan su kanalının üzərində qurulmuş piyada keçidi üçün nəzərdə tutulmayan metal boruların üstü ilə kanalın bir sahilindən digər sahilinə keçmək istəyərkən müvazinətini itirərək kanala düşüb və suda boğularaq ölüb.
 
Həmin fakta görə, 31 iyul 2016-cı il tarixdə Füzuli hərbi prokurorluğu tərəfindən Azərbaycan Respublikası CM-nin 342.2-ci maddəsi ilə cinayət işi başlanmış və istintaq aparılır.
 
İş üzrə hadisə yerinə baxış keçirilib, mərhum P.P.Paşayevin meyidinin xarici və daxili müayinələri aparılıb, çoxsaylı şahidlər dindirilib, məhkəmə-tibbi, məhkəmə-trasoloji ekspertizaları təyin olunmuş və digər zəruri hərəkətlər yerinə yetirilib.
 
Mərhum əsgər Pərviz Paşayevin meyidinin xarici və daxili müayinələrinin nəticələrinə dair məhkəmə-tibb ekspertinin gəldiyi ilkin qənaətə görə, onun ölümünə səbəb suda boğulması olub.
 
İstintaq zamanı gizir Bayramov Ramin Cahangir oğlunun Azərbaycan Respublikası CM-nin 342.2-ci (rəisin öz xidməti borcuna səhlənkar yanaşması ağır nəticələrə səbəb olduqda) maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməsi təsdiq olunduğundan, ona 02 avqust 2016-cı il tarixdə həmin maddə ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə ittiham elan olunub və Füzuli hərbi məhkəməsinin qərarı ilə barəsində 3 ay müddətinə həbs qəti imkan tədbiri seçilib.