17 aprel Ümumdünya Hemofiliya Günü kimi qeyd olunur

1989-cu ildən bəri hər il 17 aprel Ümumdünya Hemofiliya Günü kimi qeyd edilir. Bu gün dünyanın bir çox ölkəsində fəaliyyət göstərən hemofiliya təşkilatları və müalicə mərkəzləri hemofiliyalı insanlara təsir göstərən problemlər haqda anlayış yaratmaq üçün toplantılar, idman tədbirləri, sərgilər və digər bu kimi tədbirlər təşkil edirlər.
 Hemofiliya müxtəlif lokalizasiyalı və intensivli qanaxmalar ilə xarakterizə olunan ağır irsi qan xəstəliyidir. Təkrar baş verən şiddətli qanaxmalar, oynaqlara və toxumalara qansızmalar xəstənin hələ uşaq və gənc yaşlarında əlil və şikəst olmasına, bəzən də ölümünə səbəb olur.
Xəstəlik zamanı oynaqlara, əzələlərə və daxili orqanlara öz-özünə, zədə və ya cərrahi müdaxilə nəticəsində qanaxmalar baş verir.
Hətta xırda zədələr nəticəsində hemofiliyalı xəstələrin beyninə və ya digər həyati əhəmiyyətli orqanlarına qan sızmasının ölümlə nəticələnməsi ehtimalı yüksəkdir.
Hemofiliyanın ağır formasından əziyyət çəkən xəstələr oynaqlara (hemartroz) və əzələlərə (hematoma) tez-tez qan sızması nəticəsində əlil halına düşürlər. Hemofiliya hemostazın plazma həlqəsinin pozulmasından irəli gələn hemorraqik diatezlərə (koaqulopatiya) aid edilir.
Lakin çoxillik təcrübələr göstərir ki, vaxtında və lazımı səviyyədə aparılan müalicə, xəstələrin nəinki ölüm təhlükəsindən xilas edir, hətta onlarda şikəstliyin və əlilliyin də qarşısını alır.
Tarixdə bu xəstəliyə kral xəstəliyi deyirlər. Belə ki, Fransada kral Lüdovikin nəslində əsasən oğlan uşaqları bu xəstəlikdən əziyyət çəkirdi. Bu gün isə qan çatışmazlığı dünyada bir problem kimi yaşanan hemofiliya xəstəliyidir.
İrsi qan xəstəliyi olan hemofiliya dünyanın bir çox ölkələrində əsasən Asiya, Afrika qitəsində, Aralıq dənizi hövzəsində daha çox yayılıb.
Hemofiliya problemi bütün dünyada mövcud olduğu kimi, Azərbaycan da bu problemdən kənarda qalmayıb. Hemofiliyalı xəstələrlə 1973-cü ildə təşkil olunmuş mərkəzdə Ə.Əliyev adına AzDHTİ-nun hematologiya kafedrası və Mirqasımov adına Respublika Klinik Xəstəxanasının hematologiya şöbəsinin əməkdaşları məşğul olurlar.
Bu gün hemofiliyalı xəstələr dərmanlardan bəhrələnərək, əlilliyin qarşısını alaraq, həyat keyfiyyətləri yaxşılaşaraq, sağlam insanlardan seçilmirlər.