133 yaşlı Qarabağ şəhidi - BEYDULLA XAN CƏNCƏLİ

Güney Azərbaycanın Qaradağ mahalının Muğan bölgəsinin Gəncəli qışlağında yaşayan Beydulla Xan Gəncəli Quzey Azərbaycanda ermənilər tərəfindən 23 ildir işğal altında olan Qarabağın azad edilməsi uğrunda gedən savaşlarda Milli Ordumuzun apardığı uğurlu döyüş əməliyyatlarını televiziya kanalları ilə izləyərkən böyük sevinc hissinə qapılıb. Belə ki, o, nəvə-nəticələrini yanına çağıraraq onlara bildirib: “Qeyrəti olan hər bir Türk bu savaşda ermənilərə qarşı mübarizə aparmaq üçün əlindən gələn köməkliyi etməlidir. Bizim qışlağın camaatı üçün bu bir milli ləyaqət məsələsidir”.
“Hürriyyət”ə daxil olan məlumata görə, Beydulla baba nəvə-nəticələrinə bildirib ki, onu dərhal Araz çayının sahilindəki Xudafərin körpüsünə aparsınlar. Övladları onun bu tələbinə əməl edərək Beydulla babanı Araz çayının sahilinə kimi gətiriblər. Hətta ona durbinlə Cəbrayıl rayonunun ermənilər tərəfindən işğal altında olan əraziləri seyr etdiriblər. Beydulla baba orada ermənilərə məxsus bayraqları gördüyündə əsəbləşmiş və bu zaman infarkt keçirmişdir. Həyatı boyu heç bir xəstəliyi olmayan Beydulla babanı dərhal Təbrizdəki xəstəxanaların birinə aparıblar. O, xəstəxanaya çatdığında oradaca dünyasını dəyişib.
Qeyd edək ki, 133 yaşlı Beydulla Xan Gəncəli Güney Azərbaycanın Qaradağ mahalında tanınmış şairlərdən biri olub. Eyni zamanda bölgədəki aşıqların çoxu onun şeirlərini toyda-düyündə, el şənliklərində oxuyurdular. Həyatının son illərini isə dünyaya göz açdığı Gəncəli qışlağında keçirmişdir. Muğandan aldığımız məlumata görə o, çox nadir hallarda televiziyaya baxarmış.