​ “11 sentyabr”dan sonra “Mülayim İslam” mərhələsi və Körfəzdən müdaxilə planı - TƏHLİL

Asif Nərimanlı
Hər şey noyabrın 4-də Livanın baş naziri Saad Haririnin gözlənilməz addımı ilə başladı. O, “Məni öldürəcəklər” dedi, Ər-Riyada qaçdı və istefa verdi. Saad Haririnin bu addımı onun 2005-ci ildə sui-qəsd nəticəsində qətlə yetirilən atası Refik Haririnin taleyini yaşamaq qorxusundan daha çox, Yaxın Şərqdə başa çatmayan planın yeni mərhələdə davam etməsindən qaynaqlanır. Söhbət Suriyada və İraqda regional güclərin - Türkiyə, İran və Rusiyanın güc balansını ələ keçirməsi ilə məğlub duruma düşən, yaxud belə görünən Amerikanın hədəfə doğru gedən yolu dəyişdirməsindən gedir. Bu, həm də “11 sentyabr”dan sonra Şərqə doğru hücumda ikinci mərhələdir.
 
 
Hadisələrin axını: Saad Hariri noyabrın 4-də Ər-Riyada gəldi və istefa verdi, eyni gündə Səudiyyə Ərəbistanı Yəməndə İrana bağlı husilərin Ər-Riyada uzaq mənzilli raket atdıqlarını, lakin bu raketlərin “Patriot” hava hücumundan müdafiə sistemi tərəfindən zərərsizləşdirildiyini iddia etdi. Noyabrın 5-də kral Salman bin Əbdüləziz əs-Səudun əmri ilə anti-korrupsiya əməliyyatı başladı və 11 şahzadə, 39 vəzifəli şəxs həbs edildi. Əməliyyatın başladığı vaxt Səudiyyə Ərəbistanının Yəmənlə sərhəd bölgəsində içində şahzadə Mənsur bin Mukrun və 8 yüksək rütbəli şəxsi daşıyan helikopter qəzaya uğradı, hər kəs öldü. Bu hadisələrin fonunda Saad Haririnin Ər-Riyada qaçışı və istefa verməsindən bir həftə öncə İranın dini lideri Xameneinin xüsusi nümayəndəsi Əli Vilayətinin Beyruta gəlişi və Haririni təhdid etməsi haqda irəli sürülən iddia diqqət çəkir. (Bu iddianı Ər-Riyad gündəmə gətirdi).
 
Prosesləri birləşdirəndə ümumi mənzərə belə görünür: İran Livanda xüsusi gücə malik olan Hizbullah üzərindən Haririni ölümlə təhdid edir; Yəməndəki husilər İranın əmri ilə Ər-Riyada uzaqmənzilli raket atır (Qərb mediası husilərin uzaqmənzilli raketə sahib olmadıqları və bu raketin İran tərəfindən onlara verildiyi iddiası üzərində israrla dayanır); Yəmən sərhədində şahzadə və yüksək rütbəli şəxslərin ölümü ilə nəticələnən helikopter qəzası husilər tərəfindən (yenə nəzərlər İrana yönəlir) təşkil edilən sui-qəsdir, hansı ki, Ər-Riyadda bu versiya irəli sürüldü; Səudiyyə Ərəbistanında başlanan anti-korrupsiya əməliyyatı isə birbaşa bu ölkənin daxili işidir. Hadisələr şüurlu şəkildə bu cür təqdim edilir və bütün nəzərlər İrana yönəlir. Çünki topun ağzındakı ölkə İrandır.
 
Hadisələrin üzərindən sürətlə keçsək, “nəzərlərin İrana yönəldilməsi diqqətin saray çevrilişinə hesablanmış Ər-Riyaddakı əməliyyatdan yayındırılmasına hesablanıb” versiyası inandırıcı görünür. Lakin baş verənlər Səudiyyənin daxili məsələsi olmasından daha artıq Yaxın Şərqin dizayn edilməsi üçün illərdir aparılan müharibənin növbəti mərhələsinin bir parçasıdır. Və hər şey heç də Ər-Riyaddakı saray çevrilişi və Saad Haririyə qarşı ölüm təhdidi ilə yekunlaşmır.
 
Bəli, Ər-Riyadda saray çevrilişi baş verdi: Əslində bu çevrilişə hazırlığın 2015-ci ildə kral Salmanın əmri ilə edam edilən şiə məzhəbinə məxsus Ən-Nimrinin cəsədinin ipdən sallanması ilə başladığını desək, yanılmarıq. Həmin vaxt apardığımız təhlildə Ən-Nimrinin edam edilməsinin səbəblərindən birinin diqqətin onunla birgə birinci vəliəhd Məhəmməd bin Nayifin 46 tərəfdarının, dolayısı ilə krala qarşı olanların asılmasından yayındırılmasına və saraydaxili mübarizəyə hesablandığını yazmışdıq. (Oxu: Müsəlman Ferdinandın edamı: I İslam müharibəsi başlayır?!).
Kral Salman taxta oturan kimi qardaşını vəliəhd titulundan məhrum edərək, qardaşı oğlu Məhəmməd bin Nayifi birinci, öz oğlu Məhəmməd bin Salmanı isə ikinci vəliəhd elan etdi. Bu, Səudiyyədə illərdir davam edən iyerarxiyanın pozulması idi. Lakin kralın öz oğlunu birinci yox, ikinci vəliəhd etməsi iyerarxiya pozuntusunun ciddi problemə çevrilməsinin qarşısını aldı. Kralın məqsədi də oğlu Məhəmməd bin Salmanı iyerarxiya pillələrini birdən yox, bir-bir qalxmasını təmin etmək idi. 2015-ci ildə 30 yaşlı Məhəmməd bin Salmanın Suriya və İraqda tüğyan edən terrora qarşı “İslam koalisiyası” yaratması onu ön plana çıxardı. Bunun əksinə olaraq, Nayif daha çox mühafizəkar kəsimə - radikallara, konkretləşdirsək, “Əl-Qaidə”yə rəğbət bəsləyənlərə yaxın idi. Edamla Nayifin dəstəyi qırıldı və 2017-ci ilin iyununda onun birinci vəliəhd titulu kralın oğlu Məhəmməd bin Salmana keçdi, daha sonra Nayif həbs olundu. Şahzadələrə qarşı əməliyyat isə Məhəmməd bin Salmanın yolunun açılmasındakı son mərhələ idi. Artıq ölkədə əsas söz sahibi odur və onun atasının ölümünü gözləmədən taxta əyləşəcəyi haqda iddialar da təsadüfi deyil. Lakin kifayət qədər dərin iyerarxiyaya malik olan Səudiyyədə baş verən bütün bu oyunun arxasında təkcə kral dayanmır. Oyunu idarə edən Amerikadır.
 
ABŞ-ın Ər-Riyadda saray çevrilişi: Tramp prezident olaraq xarici ölkəyə ilk səfərini mayın 20-də Səudiyyəyə etdi. Onun səfərindən təxminən bir ay sonra birinci vəliəhd Nayif titulundan məhrum edilərək həbs olundu, yerinə Məhəmməd bin Salman keçdi. Bu, birinci mərhələ idi. Əslində Trampın Ər-Riyadda olduğu vaxt “Ərəb-İslam-Amerika” sammitini təşkil etməsi, ardınca baş verən Qətər böhranı ABŞ-ın bölgədə Səudiyyəni əsas güc olaraq formalaşdırmaq planının başlanğıcı idi və bu yeni gücün başında kral Salman bin Əbdüləziz yox, oğlu bin Salmanın olacağı hələ o vaxt görünürdü. (Oxu: Səhrada qanlı döyüş ABŞ-ın Körfəzdə böyük oyunu). Nayifin “vurulması” ilə bin Salmana qarşı olanlara (daha doğrusu Səudiyyənin yaradılmasında ideoloji güc olan sələfiliyə) ilk zərbə endirildi. Lakin Trampın səfərindən sonra Ər-Riyadın bölgədə gözlənilən aktivliyi nümayiş etdirməməsi təəccüblü idi. Daşlar şahzadələrə qarşı əməliyyatdan sonra yerinə oturdu. Görünür, ilk mərhələ başa çatsa da, saray daxilindəki müxalifətin təmizlənməsi planı hazırlanırmış. Şahzadələrin həbsi ilə bu mərhələ də başa çatmış hesab oluna bilər. Səudiyyə indi ABŞ-ın istədiyi formaya salınıb.
 
Burada diqqət çəkən bir məqam bütün proseslərin ana hədəfini göstərir: Həbs olunan şahzadələr vəliəhd Məhəmməd bin Salmanın “Mülayim İslam” tezisinə qarşı olanlar, dolayısı ilə Səudiyyənin dini-siyasi idealogiyası olan sələfiliyin tərəfdarlarıdır.
 
Və maraqlıdır:
 
11 sentyabrdan sonra “Şərqin işğalı” ekspedisiyasına başlayan ABŞ “İslam terrorizmi” tezisindən yararlandı və bu terrorizm məhz sələfilik ideologiyası üzərində qurulurdu: Əl-Qaidədən başlamış İŞİD-ə qədər...
 
Və o da maraqlıdır:
 
ABŞ-ın “İslam terrorizmi” tezisi üçün baza olaraq seçdiyi sələfiliyin vətəni olan Səudiyyə Ərəbistanı “Mülayim İslama” keçir.
 
Bu, bir-birinin əksinə olan iki tezis əslində ABŞ-ın “Şərqin işğalı” ekspedisiyasının iki mərhələsini təşkil edir: “11 sentyabr”la başlanan birinci mərhələ İslama qarşı İslamın içindən çıxmışlarla aparılan müharibədə “sonuncu mogikan” hesab olunacaq İŞİD-in Suriyada elə ABŞ tərəfindən tamamilə “məğlub edilməsi” və “səhraya qayıdış”ı ilə başa çatdı; İndi ikinci mərhələ - “Mülayim İslam” başlanır.
 
“Mülayim İslam” tezisinə ABŞ-ın istəyi ilə vəliəhd Məhəmməd bin Salman müəlliflik etdi. Bunu kral Salmanın özü də edə bilərdi, lakin Amerika üçün yaşlı yox, daha gənc və idarəolunması daha asan kral – bin Salman sərfəlidir. Həmçinin, yeni ideologiyanın ömrü boyu sələfiliyə xidmət etmiş qoca kral tərəfindən irəli sürülməsi istənilən effekti verməyə bilərdi. Trampın Ər-Riyada gəlişindən sonra Nayifin “vurulması”, daha sonra şahzadələrə qarşı “təmizləmə” əməliyyatı məhz Səudiyyəni Məhəmməd bin Salmanın rəhbərliyi altında “Mülayim İslam”a hazırlamaq idi və bu gün ABŞ-ın istəyinə nail olduğu görünür.
 
İSLAM HƏDƏFİ: Amerika – Qərb (həm də İsrail) uzun illərdir İslam dünyasına nəzarəti ələ keçirmək üçün bütün vasitələrə əl atır. İslamın məhvi üçün “terrorizm mərhələsi” uğurla nəticələnmədi. (Yaxud da hədəfin elə terrorla İslam dünyasını parçalamaq olduğunu düşünsək, birinci mərhələnin müəyyən çatışmazlıqlarla başa çatdığını deyə bilərik). Terror ABŞ-ın bölgədəki nüfuzunu zədələdi və regional güclərin mübarizəsinin haqlı olduğunu sübut etdi. İndi Amerikaya (bu cəbhəni bütövlükdə Qərb dünyası, “Dərin Amerika”, yaxud qlobal sərmayə də adlandıra bilərik) özünün nəzarətində olan, İslam dünyasına liderlik edəcək, şiə və sünni məzhəblərinə, eləcə də digər təriqətlərə nüfuz edə biləcək “Mülayim İslam ölkəsi” lazımdır. Əvvəlcə bu ölkə Türkiyə olaraq seçilmişdi. Çünki Səudiyyə ilə müqayisədə Türkiyə həqiqi mənada “Mülayim İslam”ın olduğu ölkədir. 2016-cı ilin 15 iyulunda Ərdoğanı devirmək üçün başlanan dövlət çevrilişinə cəhdin əsas hədəfi də bu idi: ABŞ-ın yaratdığı FETÖ hakimiyyətə gəlir, onların rəhbərliyindəki Türkiyə İslam dünyasını öz şəmsiyyəsi altına toplayır, Türkiyə İslam dünyasına (eləcə də türk dünyasına) rəhbərlik edir, Amerika da Türkiyəyə. (Oxu: Menderesi asıb, Ərdoğanı öldürmək istəyənlərin “Yeni Türkiyə” planı).
 
Lakin bu plan Türkiyədə baş tutmadı və Ərdoğan 15 iyuldan sonra Türkiyənin siyasi yönünü Şərqə doğru dəyişdirərək, Amerikanın arzulamadığı “müstəqil siyasət” xəttini seçdi. Bu gün ABŞ öz səhvi ucbatından Türkiyəni itirmiş vəziyyətdədir və indi eyni səhvi Səudiyyədə təkrarlamaq istəmir. Məhz buna görə sələfilik idealogiyasının tərəfdarı olanlar “təmizlənənə” qədər gözlədi, yalnız bundan sonra “Mülayim İslam” mərhələsinə keçid edildi. Amerika Səudiyyədən İslam dünyasında öz nəzarətindəki əsas güc düzəltmək istəyir. İslamın paytaxtı olan Məkkə və Mədinə Səudiyyədə olsa da, sələfizm məzhəb ayrılığına görə Ər-Riyadın lider olmaq potensialını sıradan çıxarır. Sələfizmin arxa plana keçdiyi “Mülayim İslam” ölkəsi olacaq Səudiyyə isə ABŞ-a İslam dünyasını ələ almağa, eləcə də Vaşinqtona əks-cəbhədə dayanan islam ölkələrinə – İran və Türkiyəyə qarşı döyüşməyə imkan verə bilər.
 
Səudiyyədəki “saray çevrilişi”nin ANA HƏDƏFİ budur (Ana hədəfin elementləri sırasına İsrailin istəkləri də daxildir: çünki həbs edilən şahzadələr arasında bəziləri anti-İsrail mövqeyi və Həmasa dəstəyi ilə seçilirdi).
 
İkinci mərhələnin niyə indi başlaması isə bölgənin siyasi mənzərəsi fonunda diqqət çəkir:
 
AMERİKANIN GERİ DÖNÜŞÜ: ABŞ Suriyada İŞİD-in son qalası olan Rakkanı Suriya Demokratik Gücləri adı altında topladığı PKK/PYD/YPG vasitəsilə azad etdi. Bundan sonra İŞİD “səhraya qayıdış”ını elan etdi. Bu, o deməkdir ki, “11 sentyabr”dan sonra başlanan “terrorizm mərhələsi” sonlanıb və ikinci mərhələni – “Mülayim İslam”ı başlamağın vaxtıdır. Lakin Yaxın Şərqin siyasi mənzərəsində regional güclərin – Türkiyə, İran, Rusiya önə çıxdığı, ABŞ-ın itkilərlə üzləşdiyi görünür.
 
Şimali İraq Kürd Muxtariyyətinin “müstəqillik referendumu” Amerikanın “əlində partladı”. Mərkəzi Bağdad hökuməti İran və Türkiyə ilə birgə hərəkət edərək, Ərbili məğlub etdi. Ardınca Türkiyə sərhədinə çıxmaqla Şimali İraq kürdlərinin Suriyanın şimalındakı kürdlərlə quru əlaqəsini kəsdi. Bu, Şimali İraqda kürdləri müstəqil edərək, bu bölgəni Suriyanın şimalına birləşdirmək və burada yerləşən PYD (PKK-nın Suriya qolu) ilə birlikdə Aralıq dənizinə çıxmaq üçün ABŞ-ın hazırladığı “kürd dəhlizi” layihəsinin də arxa plana keçməsi idi. Türkiyə dərhal İran və Rusiya ilə anlaşaraq, İdlib əməliyyatına başladı. Bu əməliyyat PYD-nin Afrin kantonu ilə birləşmək və Aralıq dənizinə çıxmaq hədəfinin tamamilə sıradan çıxarılmasıdır. Dolayısı ilə ABŞ-ın “kürd dəhlizi” yaratmaq və bölgədə kürd faktorundan silah olaraq istifadə etmək planları ciddi zərbələrlə üzləşdi. Amerika Suriyada və İraqda məğlub vəziyyətə düşdü, lakin bu, onun geri çəkildiyi demək deyil.
 
Səudiyyədə gələcəkdə bin Salmanın yolunu açacaq, indiki məqamda isə kral Əbdüləzizin əlini gücləndirəcək əməliyyatlar və Livanın baş nazirinin istefası ABŞ-ın Körfəz üzərindən geri qayıdış planıdır. Çünki Amerikanın Suriyada məğlub vəziyyətə düşməsi ilk növbədə İranın regionda güclənməsi ilə nəticələndi:
 
1. Hazırda əlini gücləndirən İran Vaşinqtonun bu ölkə ilə bağlı planına və bölgədə İsrailin təhlükəsizliyinə ciddi təhlükə hesab olunur.
 
2. Türkiyənin İran və Rusiya ilə anlaşaraq, İdlib əməliyyatına başlaması bu üç ölkənin birlikdə Suriya planını həyata keçirəcəklərinə də işarədir. Bu, baş verərsə, Böyük Yaxın Şərq Planının yeri bundan sonra tozlu rəflər olacaq.
 
Və Amerika ilk olaraq iki diplomatik addımla hərəkətə keçdi:
birinci: Səudiyyə kralı Əbdüləziz tarixdə ilk dəfə olaraq Rusiyaya səfər etdi. Səfərdə ən diqqətçəkən məqam Səudiyyənin Rusiyadan silah alması ilə bağlı müqavilənin imzalanması idi. Məlumatlara görə, Rusiya Səudiyyəyə S-400 hava hücumundan müdafiə sistemi satacaq. Maraqlıdır: Rusiyadan S-400 aldığına görə, ABŞ və NATO Türkiyəyə təzyiqlər etdi və bu, hazırda da davam edir. Lakin indiki məqamda bölgədə Amerikanın yeganə müttəfiqi olaraq bilinən Səudiyyənin ruslarla anlaşması normal qarşılandı. Məntiqə görə, eyni təzyiq Səudiyyəyə də edilməli idi, xüsusilə ABŞ-ın 400 milyard dollarlıq silah müqaviləsi imzaladığı bazara Rusiyanın girməsi qəbul edilməməlidir. Lakin bunun tam əksi müşahidə olunur. Hesab etmək olar ki, kral Əbdüləziz məhz ABŞ-ın istəyinə uyğun olaraq Moskvaya səfər edərək, ruslarla yaxınlaşır. Məqsəd Rusiyanın neytrallaşdırmaq və İranı dəstəkdən məhrum etməkdir. Həmçinin, bu, Suriyada üçlük ittifaqının – Türkiyə, İran, Rusiya – birinin az da olsa dəstəyini qazanmaq cəhdidir.
ikinci: Tramp Çinə səfər etdi və bu ölkə ilə ikitərəfli müqavilələr imzaladı. Çin səfərində ABŞ-ın Koreya yarımadası strategiyası və silah ticarəti ilə yanaşı, Rusiyanın Pekinin dəstəyindən məhrum edilməsi ehtimalı da görünür. Çinin Trampın səfərindən sonra Rusiyaya qarşı cəbhə almayacağı məlumdur, lakin ABŞ ən azından Pekinin neytrallığını təmin etməyə çalışır. Cari hədəfdə Rusiyanı vurmaq yox, uzlaşacağı vəziyyətə salmaq var.
 
(ABŞ-ın Suriyada Əsəd rejimi ilə razılaşmaq üçün gizli danışıqlar apardığına dair iddialar da həmlələrdən biri hesab oluna bilər).
 
Lakin bu manevrlər Amerikaya istədiyini vermir, yaxud verəcəyini demək çətindir. Əvəzində vaxt itirmək regional güclərin daha da yaxınlaşması və onun bölgədən uzaqlaşdırılması deməkdir. Bu baxımdan, Səudiyyədə “ikinci mərhələ”nin başladılması təsadüfi deyil. Livanın baş nazirinin istefası və husilərin hücumunun eyni vaxtda düşməsi də böyük pazlın parçalarıdır.
 
a) Husilərin Ər-Riyada hücum etməsi, eləcə də Yəmən sərhədinə yaxın bölgədə şahzadənin olduğu təyyarəni vurması iddiaları üç məqsədə xidmət edirdi: Səudiyyədə “saray çevrilişi” zamanı “xarici təhlükə” obrazının gücləndirməklə daxili aidutoriyanı nəzarətdə saxlamaq; İranı hücum edən tərəf kimi göstərərək, ona veriləcək cavabı legitimləşdirmək; Yəməndə husilərə qarşı yeni əməliyyatın başlamasına əsas yaratmaq.
Amerika Səudiyyədə “saray çevrilişi” zamanı kənar təhlükəni qabartmaqla həm “Mülayim İslam”a qarşı olanları təmizlədi, həm də hazırki məqamda kral Əbdüləzizin saray daxilində mövqeyini gücləndirdi. Çünki cari hədəfdəki planları həyata keçirmək üçün ABŞ-a daxili çatların olmadığı, kralın alternativsiz söz sahibinə çevrildiyi Səudiyyə lazımdır. Bununla yanaşı, Yəməndən husilərin “hücumu” Səudiyyənin ABŞ-ın dəstəyi ilə onlara qarşı yeni əməliyyata başlamasına əsas verir. Burada hədəf İranın Yəməndə əsas gücü olan husiləri sıradan çıxarmaq, dolayısı ilə Tehranın bu ölkəyə uzanan əl-qolunu kəsməkdir. Bu baxımdan, yaxın dövrdə Yəməndə hökumət qüvvələrinin ABŞ və Səudiyyənin dəstəyi ilə husilərə qarşı həlledici əməliyyata başlayacağı gözləniləndir.
 
Çünki: Yəmən Tehran və Ər-Riyadın nüfuz uğrunda savaşdığı ən vacib nöqtələrdən biridir; Oman dənizi ilə Qırmızı dənizin kəsişdiyi yerdə yerləşən bu ölkə Şərqi Afrika sahillərini nəzarətdə saxlamaq üçün strateji önəmə sahibdir; Eyni zamanda, Səudiyyə Ərəbistanını cənubdan əhatələyən Yəmən İranın regional güc olmaq yolundakı əhəmiyyətli dayanacaqdır; Tehranın Yəməndə üstün olması Qırmızı-Oman-Bəsrə-Hörmüz xətti istiqamətində işləyən enerji daşıma xəttinə nəzarət imkanı təmin edə bilər; Bu xəttin əsasını təşkil edən Bəsrə-Hörmüz boğazı 40 minə yaxın gəminin keçə biləcəyi məsafədədir, eyni zamanda, Afrika ilə Asiya qitələrini bir-birindən ayırmaqla dünya neft ticarətinin göz bəbəyi hesab olunur.
 
İranı vurmağı planlaşdıran ABŞ-Səudiyyə Ərəbistanı Yəmən və Livandan başlayacaq.
 
b) Bu kontekstdə Livanın baş naziri Saad Haririnin ölkədən qaçışı və istefası təsadüfi deyil. Haririnin İranın bölgədə əsas rıçaqlarından olan Livandakı Hizbullah ordusu tərəfindən təhdid edildiyi iddia edilir. Baş nazir məhz Ər-Riyada gedəndən sonra “məni öldürəcəklər” sözlərini dedi və istefanı da məhz orada verdi. Hətta onun buna məcbur edildiyinə dair informasiyalar da var. Hesab etmək olar ki, Haririni ABŞ-Səudiyyə buna məcbur edib və hədəf Livanda Hizbullaha qarşı “anti-terror” əməliyyatının başlanmasına əsas yaratmaqdır.
 
Çünki: İran üçün Livanda fəaliyyət göstərən Hizbullah ordusu bölgədə Tehranın maraqlarının müdafiəsi üçün hər an tətikdə dayanmış hərbi-ideoloji gücdür. İran Hizbullahla təmas qurmaq üçün İraq-Suriya xəttini istifadə edir. Bu xətti kəsmək üçün İran Suriyadan vurulurdu, lakin faktiki olaraq, ABŞ Suriyada zəif duruma düşdü. Görünür, hədəfə gedən yolda Suriya Livanla əvəzlənəcək və bu ölkə yeni müharibə meydanı ola bilər.
 
Livan və Yəməndə müharibə başlayacaqsa, bu İrana qarşı “ikinci cəbhə” olacaq: husilər və Hizbullah – İranın bölgədəki əlləri – zəifləyə, həmçinin, Ranın Suriyadakı gücü parçalana bilər. Lakin “ikinci cəbhə” həm də Türkiyə-İran-Rusiya xəttinə qarşı olacaq.

 
Baş verənlər ABŞ-ın itirdiklərini geri qaytarmaq və Yaxın Şərq planını davam etdirmək üçün Körfəzdən müdaxilə etdiyini göstərir. Bunun fonunda, Ərdoğanla Putinin Soçi görüşü (Oxu: Ərdoğan çantasında Putinə nə aparır?) və bu görüşdən təxminən 10 gün sonra – noyabrın 22-də Moskvada planlaşdırılan Ərdoğan-Putin-Ruhani danışıqları maraqlıdır. Artıq ABŞ-ın “Mülayim İslam” adı altında başladığı ikinci mərhələdə iki cəbhə üz-üzədir: ABŞ-İsrail-Səudiyyə Ərəbistanı və Türkiyə-İran-Rusiya. Moskvadakı görüşdən sonra Yaxın Şərq xəritəsində yeni proseslər başlanacaq.

Загрузка...
Загрузка...