“10 il əvvəl hökuməti xəbərdar etmişdim” - Eldar Namazov danışdı

 
“Bu addımlara Azərbaycanın çətin vəziyyətdən çıxacağına inanmıram”
 
İlin əvvəlindən ölkədə başlanan iqtisadi böhranın doğurduğu çətinliklər cəmiyyət həyatında hər gün bir az daha hiss olunmaqdadır. Toplumda yaranmaqda olan psixoloji gərginlik bu günlər parlamentdə büdcə müzakirələri zamanı da özünü büruzə verir. Hər zaman loyal çıxışları ilə seçilən deputatlar belə iqtisadi böhranın insanların həyatında yaratdığı problemləri dilə gətirir, vəziyyətdən çıxış yolları təklif edirlər.
 
Əvvələr belə hallarda daha çox səsi eşidilən siyasətçilərdən biri – Azərbaycan Naminə Forumun rəhbəri Eldar Namazov xeyli müddətdir ictimai-siyasi fəaliyyətdə aktiv deyil.
 
Moderator.az məşhur siyasətçinin susqunluğunun səbəbini və hazırda nə işlə məşğul olduğunu öyrənmək üçün Eldar Namazovla danışıb.
 
Eldar Namazov öncə uzun müddətdir görünməməyinin səbəbini açıqladı. Dediyinə görə Azərbaycanda olmamasının obyektiv səbəbləri varmış. Siyasətçi il yarımdır xaricdə müalicə kursu keçirmiş.
 
E.Namazov daha sonra isə ölkədə yaranmış iqtisadi böhranla bağlı danışdı: “İndiki duruma, yaranmış vəziyyətə, deputatların, eləcə də digər vəzifəli şəxslərin buna reaksiyası haqqında dediklərinizə gəlincə, ondan başlamaq istəyirəm ki, iş işdən keçəndən, böhran başlayanda sonra bunlar təbii ki, çox gecikmiş çıxışlardır. Bu məsələ ilə bağlı biz hələ 10 il bundan əvvəl, Azərbaycana böyük məbləğdə neft pulları gəlməmişdən öncə təqribən il yarım müddətində tədbirlər keçirib, Azərbaycan cəmiyyətinin 200-ə yaxın ekspertini toplayıb Azərbaycan dövlətinə, hakimiyyətinə “Azərbaycan gələcək 10 il” adlı 2 cildlik kitab şəklində bir paket hazırladıq. Ekspertlər arasında tanınmış iqtisadçılar, sosial məsələlər üzrə ekspertlər, politoloqlar, hüquqşünaslar vardı. Paketdə Azərbaycanda bütün sahələr üzrə təkliflər olmuşdu və həmin nəşri çap edəndə işin rəhbəri kimi giriş sözünü mən yazmışdım. Orada xüsusi vurğulamışdım ki, qabaqdan çox mühüm on il gəlir, Azərbaycana bu on il ərzində 100 milyarlarla pullar gələcək. Bu on il ərzində biz o pullardan ya ağıllı istifadə edib ölkədə çox ciddi islahatlar aparacağıq, Azərbaycan iqtisadiyyatını keyfiyyət baxımından gücləndirəcəyik, neftdən asılılığı aradan qaldıracağıq, qeyri-neft sektorunu inkişaf etdirəcəyik. Ya da o pullar yeyiləcək, dağılacaq və on ildən sonra neftin qiyməti aşağı düşəndə biz ciddi bir böhranla qarşılaşacağıq. Neftin qiymətinin aşağı düşəcəyini də bildirmişdik və mən vurğulamışdım ki, bu qaçılmazdır, göstəricilərə baxanda görürük ki, daim 5-6 ildən bir neftin qiyməti aşağı düşüb, yəni bu, təbiidir. Bu böhranın qarşısını almaq üçün həmin on il kritik bir dövr idi.
 
2006-cı ildə 40-a yaxın sahəni əhatə edən islahatlar paketini hazırlayıb həm cəmiyyətə, həm hökumətə təqdim edəndə mən bunları yazmışdım. Xəbərdarlıq etmişdim ki, bu on ili itirmək olmaz. Neftin yüksək qiymətləri, neft hasilatının artması neft konkraktında nəzərdə tutulan bir mərhlədir. Ancaq bu mərhələdə gələn 100 milyardlarla dolları ağıllı istifadə etməsək, Azərbaycanı pis vəziyyətdə də qoya bilər. Təəssüflər olsun ki, biz vaxtında nəyi xəbərdarlıq etmişdiksə, o da baş verdi. Həmin dövrdə biz xəbərdarlıq edəndə, islahatlar paketini təqdim edəndə, indi çıxış edənlər bizi qınayırdılar ki, ölkədə hər şey əladır, iqtisadi model əladır, Azərbaycanın nailiyyətlərini niyə görmürsünüz, elə bir təhlükə yoxdur.
 
İndi isə təəssüflər olsun ki, mən və mənlə bir yerdə həmin 200-ə yaxın tanınmış ekspertlər nədən narahat idisə, hamısı baş verdi. Təəssüflər olsun ki, indi Azərbaycan iqtisadiyyatı çox ağır duruma düşdü”.
 
Politoloq bu böhrandan çıxmaq üçün görülməsi gərəkən işləri də vurğuladı: “Bu yaxınlarda demişdim, indi də həmin təkliflərimdə qalıram ki, Azərbaycanda çox ciddi islahatlar aparmaq lazımdır. Bunu kosmetik, kağızların üzərində gözəl adlar qoymaqla etmək olmaz. Belə layihələri biz əvvəllər də görmüşdük, dövlətin neçə proqramları var idi, məsələn, regionların inkişafı, qeyri-neft sektorunun inkişafı və s. hamısını da prezident təsdiq edirdi. Ancaq təəssüflər olsun ki, onların heç biri Azərbaycanı bu çətin günlərdən, bu bəladan qoruya bilmədi. İndi on il geciksək də, yenə də köklü islahatlara getməliyik. Bu gün atılan addımlara baxanda məndə heç bir inam yaranmır ki, Azərbaycanı çox çətin vəziyyətdən bu yollarla çıxarmaq olar. Birinci ondan başlayaq ki, hazırda manatın vəziyyətinin necəliyini hamı bilir, dollara çevirmək mümkün deyil, xarici valyutanı ölkədən çıxarmağa məhdudiyyətlər qoyulub. O üzdən soruşuruq ki, sərmayə qoymaq istəyən xarici investorlar Azərbaycana necə gələcəklər? Axı Azərbaycanda qoyduğu pulları çıxarmağa belə çətinlik çəkəcəklər. Belə misalları onlarla çəkmək olar, çünki atılan addımlar ardıcıl, kompleks şəklində deyil, bir-birini tamamlamır. Əksinə sağ əl bilmir ki, sol əl nə edir.
 
Biz on il bundan əvvəl bu təhlükələri görürdük, xəbərdarlıq edirdik, o təhlükələri dəf etmək üçün proqramlar hazırlayırdıq, çap edib Prezident Aparatına, Nazirlər Kabinetinə göndərirdik. Deyirdik ki, ay hörmətli məmurlar, siyasi qərar verən insanlar, bilin ki, əgər düzgün istifadə etməyə iqtisadi modelimiz imkan verməyəcəksə, Azərbaycana gələn yüz milyardlarla dollar bizim xalqımıza böyük xoşbəxtlik də gətirə bilər, eyni zamanda böyük bəlalar da. Və nədən ehtiyatlanırdıqsa, hamısı da baş verdi”.

Загрузка...
Загрузка...